Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 22-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyərək 50 manat pulunu aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.