Elmar Məmmədyarov: “Nazirlər Komitəsi Ukraynadakı hadisələri yaxından müşahidə etməyə davam edəcək”
Xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov bu gün AŞ PA-da çıxış edib. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir hal-hazırda Avropada baş verən böhrana və Azərbaycanın sədrliyinin prioritet istiqamətlərinə diqqət yetirib: “2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr olaraq keçib gedəcək. Ötən iyul ayı bir çox dünya siyasi liderləri kimi, mən də Nazirlər Komitəsinin adından Malayziya hava yollarının təyyarəsinin Ukraynanın şərqində vurulması ilə əlaqədar dərin hiddətimi bildirdim.
Xanım prezident, Sizin kimi mən də bu fəlakətin dəqiq səbəblərinin tez bir zamanda müəyyən edilməsi üçün bütün tərəfləri müstəqil araşdırma aparmağa çağırdım. Müstəqil ekspertlər ilkin nəticələrini təqdim etdilər və mən onların bu fəlakətin təfərrüatlarını tam şəkildə aydınlaşdıracaqlarına ümid edirəm. Təhqiqatı davam etdirmələri üçün onlar dərhal fəlakət zonasına təhlükəsiz və məhdudiyyətsiz çıxışla təmin edilməlidirlər.
Dünən sizin cari vəziyyətə dair müzakirələrinizdən də göründüyü kimi, Ukraynadakı vəziyyət Avropa Şurasının bütün qurumlarını hələ də narahat etməkdədir. Nazir müavinləri də keçirdikləri iclaslarda Ukraynadakı münaqişəni müzakirə etmişdirlər. Bununla əlaqədar olaraq, onlar sentyabr ayının əvvəlində növbədənkənar iclas keçirmiş və bu iclas zamanı Baş katib yayın sonunda Ukrayna və Rusiya Federasiyasına səfərləri barədə məlumat vermişdir. Bu yaxınlarda nazir müavinləri insan hüquqları üzrə komissar cənab Muiznieks ilə də onun Krıma səfərindən sonra fikir mübadiləsi aparmışdırlar.
Həmin fikir mübadilələrinin nəticəsində Nazirlər Komitəsi Ukraynadakı vəziyyətə dair bir sıra əhəmiyyətli qərarlar qəbul etmişdir. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli, Dövlətlərin ərazi bütövlüyünə hörmətin zəruriliyi kimi bir sıra fundamental prinsiplərinin bir daha təsdiq edilməsinə yönəlmişdir. Onlar həmçinin münaqişənin dinc yolla və davamlı həllinin zəruriliyini təşviq etmək məqsədi daşıyır. Bununla əlaqədar olaraq, nazir müavinləri 2014-cü ilin sentyabr ayının 5-də Minsk şəhərində imzalanan protokolu dəstəkləyərək bütün tərəfləri orada qeyd edilən on iki prinsipə hörmət və ciddi riayət etməyə çağırdılar”.
E.Məmmədyarov qeyd edib ki, Nazirlər Komitəsi həmçinin bu böhranın həllinə nail olmaq məqsədilə siyasi dəstəyi təmin etməyi nəzərdən keçirmişdir: “Bu, Baş katibə islahatlarını həyata keçirmək və xüsusilə 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərinə hazırlıq zamanı Ukraynanın dövlət qurumlarını dəstəkləməyi davam etdirmək üçün aydın təlimatı təmin etmişdir. Ukraynanın ərazisində beynəlxalq standartlara cavab verən azad və ədalətli parlament seçkilərinin keçirilməsi bu ölkənin demokratik prosesin gücləndirilməsi üçün gördüyü işlərdə və münaqişənin həllində əhəmiyyətli addım olacaqdır. Mən Assambleyanın müşahidəçi qrupu göndərmək və bununla seçkilərin sakit keçməsinə töhfə vermək qərarından dolayı məmnunluq duyuram.
Humanitar sahədə Nazirlər Komitəsi, Baş katib Avropa Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Ukraynadakı hərbi əməliyyatların nəticəsində insan haqlarının pozulmasının qarşısının alınması və humanitar ehtiyacların qarşılanmasının hansı şəkildə həyata keçirilməsini nəzərdən keçirməyə sövq etdi. O, Krımda yaşayan insanların, o cümlədən tatarların İnsan Haqları üzrə Avropa Konvensiyası çərçivəsində onlar üçün təmin edilən müdafiədən tam şəkildə yararlandıqlarını xüsusilə vurğuladı. Nazirlər Komitəsi Ukraynadakı hadisələri yaxından müşahidə etməyə davam edəcək”.
E.Məmmədyarov qeyd edib ki, bir neçə həftədən sonra, daha dəqiqi noyabrın 13-də Azərbaycan Nazirlər Komitəsinin sədrliyi Belçikaya ötürəcə, lakin o vaxta qədər prioritetləri həyata keçirməyə davam edəcək: “Bununla əlaqədar olaraq, ötən iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir.
Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir. 18 sentyabr tarixində, İsveçrənin Macolin şəhərində keçirilmiş Avropa Şurasının İdman nazirlərinin 13-cü konfransında mənim ölkəm də daxil olmaqla, ən azı 15 üzv dövlətin Konvensiyanı imzalamasından xüsusi məmnunluq duyuram. Həm üzv, həm də qeyri-üzv dövlətlər tərəfindən imzalanmağa açıq olan Konvensiyanın tez bir zamanda qüvvəyə minməsi üçün zəruri olan ratifikasiya saylarının təmin ediləcəyinə ümid edirəm. Biz Konvensiyanın, bu əhəmiyyətli hüquqi çərçivənin qəbuluna davamlı dəstəyimizin başlıca səbəblərindən biri olan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istərdik. Bakının 2020-ci il Avropa futbol oyunlarının keçiriləcəyi şəhərlərdən biri seçilməsi bizi sədrlik müddətimizdən sonra da bu Konvensiyanın təşviqini davam etdirməyə ruhlandıracaqdır.
Bu xüsusi sədrlik dövründə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə birlikdə 30 iyun – 1 iyul 2014-cü il tarixlərində Bakıda korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar və milli təcrübəyə həsr olunmuş konfrans təşkil olunmuşdur. Üç plenar iclas antikorrupsiya qanunvericiliyinin həyata keçirilməsi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu, təhsil vasitəsilə korrupsiya ilə mübarizə, korrupsiyaya qarşı preventiv tədbirlər, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə, ixtisaslaşmış antikorrupsiya agentlikləri arasında beynəlxalq əməkdaşlıq, korrupsiya ilə bağlı cinayətlərin təhqiqatı zamanı cinayət prosesi iştirakçılarının mühafizəsi kimi müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmasına şərait yaratmışdır. İştirakçılar ayrı-ayrı dövlətlərin uğurları və üzləşdikləri problemləri ilə tanış olmaq imkanı əldə etdilər.
Bu xüsusi tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığın səmərəliliyi təsdiqləndi və konfrans korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının IACA ilə qarşılıqlı fəaliyyətinin yaxşı nümunəsi kimi göstərilə bilər. IACA-nın üçüncü sessiyasını gələn ay Bakıda keçirməyə dair qərarı bu uğurlu sədrliyin məntiqi nəticəsidir”.
XİN başçısı assambleyanın iştirakçılarına bu gün Bakıda öz işinə başlayan Bakı Humanitar Forumunun 4-cü sessiyası a haqda məlumat verib: “Bu forum siyasi, elmi və mədəni xadimlərin, habelə keçmiş dövlət başçılarının, elmin müxtəlif sahələrində Nobel mükafatına layiq görülmüş alimlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən illik toplantıdır. Bu ilki Forumda çoxmədəniyyətliliyin fəlsəfəsi, milli özünüdərk və mədəni çoxşaxəliliyin tətbiqi konsepsiyalarının siyasi və hüquqi aspektləri, müxtəlif mədəniyyətlərin dözümlülüklə birgə mövcudluğu və bir sıra digər aktual məsələlər müzakirə olunacaqdır. Bu tədbir Azərbaycanın sədrliyi ilə keçirilən tədbirlər siyahısına daxil edilməsə də, sədrliyimizin prioritetlərindən olan mədəni cəhətdən müxtəlif cəmiyyətlərdə həmrəyliyə öz töhfəsini mütləq verəcəkdir.
İyun ayında bu tribunada verdiyim bəyanatda sizləri ölkəmin 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumuna ev sahibliyi etmək niyyəti barədə məlumat vermişdir. Sonuncu sessiyadan sonra keçən vaxt ərzində bu istiqamətdə xeyli işlər görülmüşdür. Bir neçə gün öncə, BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Sivilizasiyalar Alyansı bu məsələ ilə bağlı rəsmi qərar qəbul etmişdir. Bundan başqa, konkret layihələr vasitəsilə müxtəlif mədəniyyətlər arasında anlaşma, dialoq və uzlaşmanı təşviq etmək məqsədilə Alyansın Bali sessiyası zamanı Azərbaycan Hökuməti və BMT Sivilizasiyalar Alyansı arasında “Birgə addımlara dair Fəaliyyət Planı” imzalanmışdır. Bu fəaliyyət planının icrası hökumətimizin ciddi qlobal çağırışların həlli istiqamətində praktik yanaşmaya təvazökar töhfəsi olacaq”.
Səxavət