7 Oktyabr 2014 13:38
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanlıq seçkisinin nəticələri ilə razılaşmayan və öz tərəfdarlarıyla görüş keçirən Qubad İbadoğlu tədbir barədə ictimaiyyətə geniş məlumat verib.

Teleqraf.com-un məlumatına görə, sentyabrın 27-də Müsavatın qurultayında 28 səs fərqilə Arif Hacılıya uduzan Q.İbadoğlu ədalətin pozulduğunu iddia edib və atacaqları addımlar barədə qərara gəlmək üçün tərəfdarları ilə görüşüb.

Görüşdə Müsavatın keçmiş başqanı və qurucusu İsa Qəmbərin ünvanına təhqir səsləndiyi barədə iddialar ortada olsa da, Q.İbadoğlu belə halın yaşanmadığını vurğulayıb: “Dünən Müsavatda qurultaydan sonrakı fəaliyyət istiqamətlərimizi müəyyən etmək etmək üçün dəyərli partiyadaşlarımızla məsləhətlərimiz zamanı açıq və səmimi söhbətlərimiz olub. Müzakirələrdə hər bir iştirakçıya öz mövqeyini paylaşdırmaq imkanı yaradılıb. Bu zaman partiya rəhbərliyinin siyasəti tənqid olunsa da, heç bir şəxsin ünvanına təhqir söylənilməyib. Biz tərəfdarlarımızla Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair təkliflərimizi müzakirə etmişik. Qərara almışıq ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayış hazırlayaq və onu daxili araşdırma üçün təqdim edək. Bütün bunlar bizim Müsavatın gələcyini düşünməyimizdən və ona olan narahatçılığımızdan irəli gəlib. Bu sənədlər hazırda müsavatçıların müzakirəsindədir. Sizlərdən də rəylər gözləyirik. Lakin bəzi şəxslər bu açıq və konstruktiv müzakirələrə töhfə vermək əvəzinə, həmin tədbirdə guya İsa bəyin ünvanına təhqir səsləndiyini iddia edir, heç bir istinad göstərmədən, diqqəti bu məsələyə yönəltməklə dünən 150-dən çox Müsavatçının iştirak etdiyi təbdirin əhəmiyyətini azaltmağa çalışırlar. Bir daha bəyan edirəm ki, mənim idarə və iştirak etdiyim tədbirdə nəinki İsa Qəmbərin və hətta sıravı müsavatçıların ünvanına təhqir səsləndirlməyib, əgər səsləndirilərdisə, ilk növbədə cavablarını məndən alardılar, mən buna əsla yol vermərəm. Bəli, tədbirdə sağlam tənqidlər olub, bu da normaldır, partiya daxili demokratiyanın inkişafına xidmət edir və partiyanın gələcək üçün belə müzakirələr çox vacibdir və biz bu müzakirələri davam etdirik. Sizləri də bu istiqamətdə fikir mübadiləsinə dəvət edirəm”.

Qeyd edək ki, tədbirdə Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli başqanlıq seçkisində ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü söyləyib.

Müsavat Divanının keçmiş üzvü, Q.İbadoğlunun əsas tərəfdarı Vurğun Əyyub isə deyib ki, qurultay keçirilən gün müəyyən qüsurları İsa Qəmbərə desə də, o, bir tədbir görməyib: “Qurultayın başlanmasına yarım saat qalmış partiyanın təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli rayon təşkilatlarının sədrlərinə təzyiq göstərib. Mən bu məsələ ilə bağlı elə həmin gün İsa Qəmbərə məlumat verdim, o isə dedi ki, məsələni çox şişirtməyin. Bizə məlumat gəlib ki, bəzi adamlara iki bülleten verilib. Arif Hacılı 3 səslə yetərsayı keçib. Bu qüsurlar olmasa, ikinci turun qaçılmaz olduğu görünmürmü? Arif Hacılı Təşkilat Komitəsində dedi ki, qurultay zamanı heç bir siyahı ortalıqda olmasın. Ancaq qurultay günü siyahı ortalığa çıxdı. Bunlar ədalətsizlik deyilmi?”

Onu da əlavə edək ki, dünənki tədbirdə Arif Hacılının tərəfdarı, Müsavat başqanının müşaviri Səxavət Soltanlının çıxışına imkan verilmədiyi üçün zalı tərk etməli olub.
Onun seçkilərdə baş vermiş saxtakarlıqların ictimai müzakirəyə çıxarılmamasını, partiyanın daxilində qapalı şəkildə müzakirə edilməsini təklif etməsi Qubad İbadoğlunun tərəfdarları tərəfindən etirazla qarşılanıb. Vurğun Əyyubun S.Soltanlıya “Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən” sözlərindən sonra müşavir zalı tərk edib.

S.Soltanlı Qubad İbadoğlunun dünənki tədbirdə İ.Qəmbərin ünvanına təhqir səsləndirilmədiyi barədə fikirlərinə cavab olaraq deyib ki, Müsavat Partiyasına aid Facebook-dakı statusları Müsavata aid daxili qrupda yazılmalıdır: “ Böhtanlar səslənib. İndi insanlara böhtanla tənqidin fərqinimi izah etmək lazımdır? Tənqid səslənib, doğrudur. Böhtanlar isə daha çox səslənib. Təhqir deyil, Müsavata və liderlərinə çamur atılıb, bunu isə əksər orda iştirak edənlər deyil, 3-5 nəfər xüsusi məqsədli, intriqant fəal tərəfdarlarınız ediblər. Orda ıştirak edənlərin də əksəriyyəti deyilənlərlə razı olmayıblar”.

Nərgiz


Müəllif: