Mingəçevir şəhər polis şöbəsinə müraciət edən bir neçə şəhər sakini onlara məxsus mobil telefonların naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək, saxlanılıb.
O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb, geri qaytarmayıb.
R.Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.