8 Oktyabr 2020 10:19
4 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda həmkəndlisinə xəsarət yetirməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qurban İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Qurban İbrahimov 19 avqust 2018-ci il tarixdə, saat 22 radələrində spirtli içkinin təsiri altında Cövdət Məmmədovla aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün onu Sabirabad rayonu Bulduq kəndi ərazisindən keçən Kür çayının kənarına aparıb.

Orada heç bir əsaslı səbəb olmadan qayçı ilə Cövdət Məmmədova çoxsaylı xəsarətlər yetirib.

Cövdət Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Qurban İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qurban İbrahimov apelyasiya şikayəti verib. O, himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmişlə barışmasını əsas gətirib və barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qurban İbrahimovun şikayəti qismən təmin olunub və onun cəzası 6 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər