24 Oktyabr 2020 11:59
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bibisi oğluna xəsarət yetirməkdə ittiham olunan Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Rövşən Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Suraxanı qəsəbəsindəki mənzilində bibisi oğlu Ceyhun Məmmədovun ona evdən getməsini bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rövşən Məmmədov Ceyhun Məmmədovu döyüb.

Nəticədə Ceyhun Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib.

İstintaq orqanı tərəfindən Rövşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Rövşən Məmmədov qeyd edib ki, Suraxanı qəsəbəsindəki mənzildə olduqları zaman Ceyhun Məmmədov heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin vaxt əsəblərimi cilovlaya bilmədim. Yumruq və təpiklə Ceyhunun baş, sifət və qarın nahiyələrinə vuraraq onu döydüm. Hadisə zamanı yanmızda kənar şəxslər olmayıb. Etdiyim əməlindən səmimi peşmançılıq çəkirəm. Zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişəm. Buna görə də cinayət məsuliyyətindən azad edilməyimi xahiş edirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ceyhun Məmmədov bildirib ki, birlikdə yaşadıqları evdən dayısı oğlu Rövşən Məmmədovun getməsini tələb edib: “Bu zaman Rövşən məni təhqir etdi. Sonra da döyərək mənə xəsarət yetirdi. Rövşənlə barışmışam, mənə dəymiş ziyanı ödəyib. Bu səbəbdən ona cəza təyin olunmamasını istəyirəm”.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Rövşən Məmmmədov tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənib, bu səbəbdən ona cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər