Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etmələri müəyyən olunub.
Rayonun Hüşün kənd sakini Kamil Ağayev və Ağzıbir kənd sakini Elxan Mikayılovun koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb.
Ancaq həmin şəxslər digərlərinin də sağlamlığı üçün real təhlükə yaradaraq yaşadıqları evləri tərk ediblər.
Polis əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları ünvanlara geri qaytarılıblar.
Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin Quba rayon sakini Orxan Mikayılov olduğu müəyyən edilib.
Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq O.Mikayılov qaydaları pozaraq Xaçmaz rayonuna gəlmək istəyib.
Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və O.Mikayılov təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Astara rayonunun Süparibağ kənd sakini N.Babayev və Pəlikeş kənd sakini V.Qüdrətov, Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.