Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Neftçala rayon Prokurorluğundan bildirilib.
Neftçala rayon sakini 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon polis şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynovun koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Hidayət Hüseynov evə göndərilib və onun barəsində rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Bundan başqa, Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb.
Qaydaları pozacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb.
Buna baxmayaraq Ş.Hümmətov qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb.
Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb.
Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Ş. Hümmətov barəsində cinayət işi başlanılıb.