21 Yanvar 2021 10:40
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadına xəsarət yetirəkdə ittiham olunan 1985-ci il təvəllüdlü Cavidan Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Cavidan Şərifov anası Fərqanə Quliyevanın ünvanına arvadı Səbinə Şərifovanın (Babayeva) nalayiq ifadə işlətməsi səbəbindən onunla mübahisə edib.

Mübahisə zamanı Cavidan başı ilə Şəbinə Şərifovanın üz nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirib.

Cavidan Şərifovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavidan Şərifov elan olunmuş ittiham üzrə təqsirli bilib.

O, qeyd edib ki, 2012-ci ildə Səbinə ilə ailə həyatı qurub və rəsmi nikahdan dörd yaşlı oğlu var: “Biz Q.Qarayev prospektində Səbinəyə məxsus mənzildə yaşamışıq. 2020-ci ilin aprel ayından onunla bir yerdə yaşamıram.

Hadisə baş verən gündən bir gün əvvəl oğlumu görmək üçün Səbinənin mənzilinə gəldim, gecəni orada qaldım. Ertəsi gün, təxminən saat 9 radələrində mənzilin giriş qapısının yanında uşaqla əlaqədar Səbinə ilə aramızda mübahisə yarandı. Başımla Səbinənin üz nahiyəsinə zərbə vurdum.

Zərbə nəticəsində onun burnunun qanadığını görsəm də, sındığını bilməmişəm. Səbinəni sakitləşdirib, həkimə aparmaq işlədim. Lakin buna etiraz etdi. Səbinə ilə barışmışam, ona dəymiş ziyanı ödəmişəm”.

Cavidan Şərifov məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Şərifova bildirib ki, əri ilə uşaq üstündə mübahisə ediblər: “Cavidan başı ilə üz nahiyəmə vurdu. Zərbə nəticəsində burnum sındı, təxminən 20-30 dəqiqə ərzində özümə gələ bilmədim. Təqsirləndirilən şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb.

Cavidan Şərifov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.

Qeyd edək ki, Səbinə Şərifova müğənnidir. Mühakimə olunan Cavidan Şərifov isə televiziyalardan birində rejissor işləyir.

Cavidan Şərifov “Qəfəs Cavidan” kimi tanınıb. O vaxtilə ATV kanalında yayımlanan “Qəfəs” realiti-şousunun iştirakçısı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər