Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədi ilə dövlət yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunur.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.