Asim Mollazadə: “Beynəlxalq Mülki Aviasiya Təşkilatı öz mövqeyini açıqlamalıdır”
Belçikada yayımlanan “Le Vif.be” saytının yazdığına görə, ermənilər Xocalıda inşa etdikləri hava limanını bir neçə həftəyə işə salmağa hazırlaşırlar.
Qeyd edək ki, Xocalı hava limanı məsələsi bir neçə ildir ki, gündəmdə olan məsələdir. Hətta, bir müddət öncə qondarma DQR-in “xarici işlər naziri” Karen Mirzoyan “Exo Moskvı” radiostansiyasına müsahibəsində demişdi ki, Xocalı hava limanının fəaliyyəti yaxın zamanlarda, uçuşların texniki təhlükəsizliyinə tam təminat verildikdən sonra bərpa olunacaq.
Məsələyə münasibət bildirən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, əgər erməni tərəfi bunu etsə, bütün beynəlxalq aviasiya qurumlarının tərtib etdikləri normaları kobud şəkildə pozacaq. Onun sözlərinə görə, ermənilər hər bir təxribata hazırdırlar: “Ona görə də təəccüblənməyə ehtiyac yoxdur. Onların dəfələrlə törətdikləri əməllərin müqabilində mənə elə gəlir ki, bu hələ xırda cinayətdir. Yalnız beynəlxalq aviasiya hüququnun pozulması deməkdir. Sadəcə olaraq məsələyə beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən diqqət yetirilməlidir. Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün bu ölkəyə qarşı müvafiq sanksiyalar və sülhə məcburetmə qərarları verilməlidir. Əks halda bu cür cinayətlər davam edəcək”.
Qeyd edək ki, ermənilər Xocalıda hava limanı inşa edərkən görünür, bununla bağlı hansısa ölkələrə və qüvvələrə arxayın imişlər. A.Mollazadə isə bununla bağlı deyir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edərkən nəyə arxayın idisə, indi bu işğalı davam etdirərkən və yeni qanunsuzluqlara imza atarkən də ona arxayındır: “Yəni, bunun arxayınçılığının əsas səbəbi beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların onların qarşısını almamasından, onlara münasibətdə çox yumşaq davranmalarından irəli gəlir. Məhz buna görə də təkrar-təkrar bu cür hadisələr baş verir. Hətta, deyərdim ki, keçmiş SSRİ ərazisində bu cür cinayətlərə qarşı beynəlxalq təşkilatların sərt mövqe tutmaması nəticəsində onlar bu istiqamətdə fəaliyyətlərinə davam ediblər. Qarabağın ardınca Gürcüstandakı, Moldovadakı hadisələr baş verib. Bu gün isə həmin hadisələr Ukrayna torpaqlarında - Krımda və Donbasda yaşanır. Bütün bunların hamısının səbəbi beynəlxalq hüquq normalarına hörmətsizlikdən, hüquqi nihilizmdən irəli gəlib. Təbii olaraq cinayətkar öz cəzasını almayanda cinayətlər dəfələrlə təkrar olunur”.
Deputat qeyd edib ki, Ermənistana “yaşıl işıq” yandırılmasının bir neçə səbəbi var: “Əvvəla, dünyada təkcə bizə qonşu olan Ermənistan deyil. Ermənistandan daha güclü erməni diasporları, zəngin erməni təşkilatları var. Bu təşkilatlar bir sıra ölkələrin siyasi qərarlar qəbul etmələri üçün təsir imkanlarına malikdirlər. İkinci səbəb Ermənistanın arxasında dayanan dövlətlərdən beynəlxalq təşkilatların çəkinmələri ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, bu cür cəzasızlıq mühiti yaranıb. Yəni, BMT Təhlükəsizlik Şurasının qərarları icra olunmur. Hətta, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr kağız üzərində qalır. Ermənistana ”ərköyünlük statusu"nu bir neçə amilə görə veriblər və bu həm onların dünyanın nüfuzlu ölkələrindəki icmaları ilə, həm də Ermənistana hərbi, iqtisadi dəstək verən ölkələrin imkanları ilə bağlıdır".
A.Mollazadə deyib ki, Azərbaycan ermənilərin Xocalı aeroportunu işə salmasının qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət etməlidir: “Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı öz mövqeyini açıqlamalıdır. Təbii olaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, ATƏT-in özü, Avropa Şurası səsini ucaltmalıdır. Çünki Azərbaycanın haqlı olduğu beynəlxalq aviasiya hüququ ilə təsdiqlənib. Demək, biz hüquq normalarına da arxalanaraq beynəlxalq təşkilatlara müraciət etməliyik. Erməniləri cilovlamaq üçün beynəlxalq strukturların qərarlarına nail olmalıyıq”.
Səxavət HƏMİD