14 Noyabr 2014 16:13
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 prioritet istiqamətin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 beynəlxalq tədbir keçirilib

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin başa çatması ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada Azərbaycanın 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olduqdan sonra ilk dəfə bu ilin mayın 14-dən altı aylıq dövr üçün AŞ Nazirlər Komitəsində sədrlik etdiyi, noyabrın 13-də sədrlik müddətinin başa çatması ilə əlaqədar Azərbaycanın sədrliyi Belçikaya təhvil verdiyi bildirilir. Qeyd olunur ki, sədrlik dövründə Azərbaycan AŞ-nin fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda AŞ-nin üzv ölkələri və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb: “Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də AŞ Parlament Assambleyasının yay sessiyasında çıxış edib. Bundan əlavə, AŞ Nazirlər Komitəsinin sədri qismində xarici işlər naziri Elmar Məmmədyarov Parlament Assambleyasının iyun və oktyabr sessiyalarında Nazirlər Komitəsinin fəaliyyəti haqqında hesabatlar təqdim edib. Azərbaycanın sədrliyinin prioritetləri AŞ-nin gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər və bir sıra sahələrdə Azərbaycanın müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla müəyyən edilib.

Sözügedən prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib”.
Bildirilir ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın sədrliyinin prioritet istiqamətlərindən biri olub: “İyunun 30-dan iyulun 1-dək AŞ-nin Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə əməkdaşlıqda Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfrans təşkilatın bu sahədə səylərinə töhfə verib. Sədrlik çərçivəsində korrupsiyanın narahatlıq doğuran aspektlərindən biri olan idman yarışlarının manipulyasiyasına qarşı mübarizə məsələsinə də diqqət yetirilib. İdman yarışlarının manipulyasiyasına qarşı konvensiyanın iyulun 9-da AŞ Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi, sentyabrın 18-də isə Azərbaycan da daxil olmaqla 15 dövlət tərəfindən imzalanması Azərbaycan sədrliyinin mühüm nailiyyətlərindən biri olub. Azərbaycan ümid edir ki, sözügedən sənəd 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunlarından öncə qüvvəyə minəcək.

Korrupsiyaya qarşı mübarizə istiqaməti üzrə sentyabrın 24-25-də “İnsan hüquqları və yaxşı idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib. AŞ çərçivəsində bu spesifik mövzunun ilk dəfə əhatə olunduğu sözügedən konfransda dövlət xidmətlərinin göstərilməsi sahəsində ASAN Xidmətin nümunəsində Azərbaycanın qabaqcıl təcrübəsi təqdim olunub”.
Bildirilir ki, zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsini də sədrliyinin prioritet məqsədlərindən biri kimi müəyyən edib: “Bu məqsədin təşviq edilməsi üçün Azərbaycan tərəfindən beş müxtəlif tədbirə ev sahibliyi edilib. Bu çərçivədə “Nifrət zəminində çıxışa yox deyək” kampaniyası barəsində ictimai məlumatlandırmanın artırılması üçün oktyabrın 1-5-də Qəbələdə təşkil olunmuş beynəlxalq forum və sentyabrın 1-2-də Bakıda baş tutmuş AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair mübadilə görüşü xüsusi olaraq qeyd edilə bilər.

Sosial həmrəyliyin və sosial davamlılığın təmin edilməsi adlı növbəti prioritet məqsəd çərçivəsində Azərbaycan AŞ-nin ayrı-seçkilik olmadan hər kəsin sosial hüquqlarının qorunması istiqamətində fəaliyyətinə öz töhfəsini verib və sentyabrın 10-11-də Bakıda AŞ-nin Sosial Birlik Strategiyasının və Fəaliyyət Planının icmalı üzrə konfrans təşkil edib.

İnsan hüquqları və demokratik vətəndaşlıq sahəsində gənclərin maarifləndirilməsi kimi müəyyən edilmiş dördüncü prioritet fəaliyyət istiqaməti çərçivəsində də Bakıda bir sıra müxtəlif tədbirlər keçirilib. Bu kontekstdə Bakıda oktyabrın 28-30-da BMT-nin gənclər siyasəti üzrə Birinci Qlobal forumu xüsusi önəm kəsb edib. Dünyanın 80 ölkəsini təmsil iştirakçılar “Gənclər Siyasəti üzrə Bakı Öhdəliyi” adlı gələcək fəaliyyət üçün proqram səciyyəli sənəd qəbul ediblər.

Azərbaycanın sədrliyi dövründə AŞ və digər beynəlxalq təşkilatlar, xüsusilə BMT və ATƏT ilə təsisatlanmış əməkdaşlığın inkişafı üçün səylər göstərilib.

Azərbaycanın sədrliyi çərçivəsində noyabrın 7-8-də Bakıda “Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti”nə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.

Avropa və Asiyanın kəsişməsində yerləşən və AŞ-nin Qonşu regionlar üzrə siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən AŞ-nin sözügedən siyasətini yaxından dəstəkləyib və bu tədbir də AŞ-nın qonşu region dövlətləri ilə əlaqələrinin inkişafında mühüm addım olub”.

Qeyd olunur ki, sədrlik müddətinin başa çatmasından sonrakı dövrdə Azərbaycan növbəti sədr dövlətlər olan Belçika və Bosniya və Herseqovina ilə əməkdaşlıq ruhunda hər üç ölkənin bölüşdüyü prioritet məqsədlərin həyata keçirilməsi üçün səylərini davam etdirəcək. Sonda Azərbaycan Respublikasının adından sədrliyin uğurla aparılmasında göstərdiyi dəstəyə görə AŞ-nın üzv və müşahidəçi dövlətlərinə, AŞ-nın qurumlarına və katibliyinə təşəkkür bildirilib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər