Bu ilin sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində Xanım Məmmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov qeyd edilən tarixdə xidmətdə olarkən həmin vaxt Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.