13 May 2022 09:14
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən etibarən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən, əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

O, istintaqa verdiyi ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib.

Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Mingəçevir şəhər polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər