Qovulan müsavatçı partiyaya geri qaytarılıb
Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Murad partiya üzvlüyünə bərpa edilib. Bu barədə Qubadlı rayon təşkilatının Şurası qərar verib.
Amma partiya rəhbərliyi hesab edir ki, M.Muradın bərpası partiyanın Nizamnaməsinə ziddir və bu qərar araşdırılacaq:
Qubadlı rayon təşkilatı öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.
Xatırladaq ki, oktyabrın 22-də M.Murad öz iştirakı olmadan keçirilən toplantıda Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarına görə partiya sıralarından çıxarılıb. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun əsas tərəfdarlarından sayılır, sosial şəbəkələrdə başqan Arif Hacılıya qarşı sərt mövqeyi ilə seçilir.
Bu arada başqanlığa keçmiş namizəd Qubad İbadoğlu siyasətdə əxlaq anlayışı barədə danışıb. Onun sözlərinə görə, əxlaqlılarla əxlaqsızlar yarışa girəndə, adətən, əxlaqlılar uduzur: “Xalq arasında artıq bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir”.
Q.İbadoğlu mübarizənin bir hissəsini siyasətin əxlaqlaşmasına həsr etməyə məcbur olduqlarını bildirib:
“Çünki siyasəti bu bəladan qurtarmayınca qalibiyyət olmayacaq. Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq”, - deyə o söyləyib.
NƏRGİZ