24 Fevral 2023 11:22
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə reydi zamanı Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkar edilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılaraq, “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər