6 Aprel 2023 11:25
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Sürücü Elmin Azəroğlu idarə etdiyi “Kamaz” markalı avtomobil ilə şəhər ərazisində qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən E.Azəroğlunun narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov