13 Yanvar 2015 11:01
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Əlisoy İsa Qəmbəri ittiham edir

Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Milli Strateji Düşüncə Mərkəzi (MSDM ) yanvarın 15-də saat 4-də partiyanın qərargahında parlament seçkisi ilə bağlı müzakirələrə başlayacaq. Mərkəzin rəhbəri İsa Qəmbər mətbuata açıqlamasında bildirib ki, müzakirələr açıq olacaq və istənilən təklif irəli sürülə bilər.

Qeyd edək ki, bu, 2014-cü il iyunun 13-də Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və İsa Qəmbərin rəhbərlik etdiyi mərkəzin 2015-ci ildə ilk toplantısı olacaq. Müşahidələr göstərir ki, partiya başqanlığından gedən İsa Qəmbər siaysi gündəmdə qalmaq və bu il keçiriləcək parlament, 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak üçün MSDM-ni yaradıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanı mətbuata açıqlamasında bildirib ki, MSDM müstəqil qurumdur: "Mərkəzin Müsavat Partiyası ilə bağlılığı onun sədrinin keçmiş başqanımız İsa Qəmbərin olmasıdır. 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi olacaq İsa Qəmbəri həmin mərkəz də müdafiə edəcək”.

Amma bəzi siyasi müşahidəçilər hesab edir ki, MSDM 2015-ci ildə tez-tez toplantılar keçirmək, aktual olan məsələləri müzakirəyə çıxarmaqla gündəmdə qalmağa çalışacaq. Bu, İsa Qəmbərlə yanaşı Müsavat Partiyasına da ictimai marağı artırmaq məqsədi güdür. Həmçinin Milli Şuranı proseslərdən kənarlaşdıraraq kölgədə qoymaq üçün İsa Qəmbər bir çoxlarının zəif, cırtdan, "dişsiz" saydığı siyasi partiyalardan istifadə edərək daxili siyasi proseslərin fövqündə dayanmaq istəyir.

Müsavat Partiyasının funksionerlərindən olmuş Səxavət Əlisoy isə hesab edir ki, MSDM müxalif düşərgədə gündəmdə qalsa belə heç bir nəticə əldə edə bilməyəcək: "Açığı, mən mərkəzin fəaliyyətini yaxından izləmirəm, çünki fəaliyyət yoxdur. Deyə bilərəm ki, 20 ildir eyni adamlar müxtəlif adlı qrumlarda birləşərək, bloklar yaradıblar, sonra isə uduzaraq dağılışıblar. Bu mənada qeyd etdiyiniz mərkəz də onlardan biri olacaq. Həmin mərkəzdə ağıllı, intellektual insanlar var. İsa Qəmbər də onlardan biridir. Yəqin ki, onlar qələbə qazanmağın yollarını bizdən yaxşı bilirlər. Bir müddət əvvəl Gülağa Aslanlı demişdi ki, Düşüncə Mərkəzinin sədri İsa Qəmbər növbəti seçkilərdə prezidentliyə namizəd olacaq. Təkrar-təkrar prezidentliyə namizəd olmaq İsa Qəmbərin hüququdur. Gülağa Aslanlı da ağıllı siyasətçidir, güclü texnoloqdur. Onun seçki sahəsində yaxşı təcrübəsi var. Amma güman edirəm ki, Gülağa bəy biyan üzrə ekspert kimi xalqımıza daha çox fayda verə bilər. Gülağa bəy hakimiyyətə gələcəyi təqdirdə ölkəmizdə biyançılığın inkişaf edəcəyinə şübhə etmirəm".

S.Əlisoy hesab edir ki, əgər Düşüncə Mərkəzi müxalifətin əsas güc mərkəzi olaraq özünü təsdiq etmək istəyirsə, indiki halda bəlkə də buna nail ola bilər: "Çünki ümumiyyətlə, ölkədə müxalifətin durumu ürəkaçan deyil. Zəif partiyalar arasında güclü görünmək o qədər də çətin deyil".

Ayxan


Müəllif:

Oxşar xəbərlər