21 Yanvar 2015 09:45
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamran Ramazanlı: “Zəlimxan Məmmədlini debata dəvət edirəm”

Zəlimxan Məmmədli: “Məni debata çağıran oğlan…”

Neçə müddətdir ki, “Borçalı” Cəmiyyəti daxilində maraqlı proseslər yaşanır. Cəmiyyətin sədri Zəlimxan Məmmədli hansısa müəmmalı səbəblərə görə Gürcüstana buraxılmır. Səbəb isə onun hər il Borçalıda elat mədəniyyəti tədbirini keçirərək minlərlə insanı bir araya gətirə bilməsidir. Rəsmi məlumatda isə Məmmədlinin Gürcüstanın ərazi bütövlüyünə zidd fəaliyyət göstərməsi əsas gətirilib və bu səbəbdən də, ölkəyə buraxılmadığı bildirilib. Bu vəziyyət cəmiyyət daxilində birmənalı qarşılanmır. Ancaq Azərbaycanda da cəmiyyətin sədri kəskin tənqid edilir. Xüsusilə Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı Zəlimxan Məmmədliyə qarşı ittihamlar irəli sürür, onu sədrlikdən istefa verməyə çağırır. Qafqaz Araşdırmalar Mərkəzinin sədri deyib ki, Zəlimxan Məmmədli Gürcüstana buraxılmır. Ondan öncə müavini 2014-cü ilin iyun ayından Gürcüstana buraxılmadı. Z.Məmmədli bu barədə heç bir qruma müraciət etmədi. Ancaq özü 2014-cü ilin oktyabr ayında Gürcüstana buraxılmayanda ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdi. Deməli, o yalnız şəxsi məsələlərlə bağlı narahat olur. Zəlimxan Məmmədli, sən doğulduğun kəndə buraxılmırsansa və o kəndin problemini həll edə bilmirsənsə, deməli sədrlikdən imtina etməlisən. Biz bu istefanı gözləyirik. Mən onu debata çağırıram.

İndiyə qədər Ramazanlının bu ittihamlarına cavab verməyən Məmmədli nəhayət bu haqda danışıb.
Zəlimxan Məmmədli qeyd edib ki, Kamran Ramazanlı verdiyi açıqlamada Gürcüstanda yaşayan soydaşlarımızın problemləri və bu problemlərə biganə olan Azərbaycan və Gürcüstan hakimiyyətinə tənqidi qeydlər edib: “Əsasən bu problemlərin mövcudluğunu doğru bildirib, müvafiq qurumların da haqlı olaraq adını çəkib. Ancaq cəsarətli olsaydı, bu işdə səmərəsiz fəaliyyət göstərən qurumların istefasını tələb edərdi və bu daha məntiqli olardı. Məntiq probleminin varlığı özünü göstərib. Ancaq əlaqədar qurumları tənqiddən sonra mənim istefamı tələb edib. Hənanın yeri olmadığı halda “Borçalı” Cəmiyyətini və şəxsimi hədəf seçib. Bir abzaslıq ittiham və istefa çağırışında bir neçə ciddi yalan söyləməkdən belə çəkinməyib”.

“Borçalı” Cəmiyyətinin sədri qeyd edib ki, Kamran Ramazanlının “müavinimin Gürcüstana buraxılmaması ilə bağlı heç kimə müraciət etmədiyimiz haqda ittihamı əsassız və yalandır: “Biz Salman müəllimin Gürcüstana buraxılmaması ilə bağlı operativ bəyanat vermişik və Azərbaycan XİN və Gürcüstanın müvafiq qurumlarına müraciət etmişik. Salman bəy və İdarə Heyyəti ilə razılığa gələrək problemin ictimailəşdirilməsini məsləhət bilməmişik. 04 iyul tarixli toplantımızda uyğun bəyanat və müraciət qəbul edilib. Kamran iddia edir ki, mən yalnız özümü Gürcüstana buraxmayanda müvafiq qurumlara müraciət etmişəm. Bu yalandır. Mən ötən əsrin 80-ci illərindən milli mübarizədəyəm və bunu dəyərli xalqımız və siyasi elita yaxşı bilir. Heç zaman da şəxsi mənafeyim öndə olmayıb. Oktyabr ayından isə, idarə heyətinin qərarına uyğun olaraq Gürcüstan prezidentinə, Baş Nazirinə, Parlament sədrinə, Xarici İşlər Nazirinə, Daxili İşlər Nazirinə, Gürcüstandakı səfirimizə, Azərbaycan XİN-nə, Azərbaycan Prezidentinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə Salman bəy və mənim hüquqlarımın təmini ilə bağlı müraciət olunub”.

Məmmədli qeyd edib ki, Kamran Ramazanlı spekulyasiya edir: “Gürcüstan tərəfin mənim əsassız olaraq Gürcüstana girişimi yasaq qoymasından siyasi məqsədəçatma fürsəti kimi bəhrələnmək cəhdi yalnız düşmənlərin işi ola bilər. Mənim fəaliyyətimi dəyərləndirən və səlahiyyət verən Borçalı Cəmiyyətinin müvafiq qurumları var. Hər zaman olduğu kimi Borçalı Cəmiyyətinin rəhbər qurumlarının qərarlarına sayğılı olacam, etimadı doğrultmağa çalışacam. Ramazanlı məni debata dəvət edir. Bizim qapı hər zaman açıqdır. Kamranın nə sözü, nə istəyi varsa, buyursunlar. Sosial şəbəkənin imkanlarından istifadə edərək açıq polemikaya hər zamankı kimi hazıram. Məni debata çağıran oğlan gərək Borçalı Cəmiyyətinin üzvü ola, onun işində faydalı işlər görə, məsuliyyət daşıya. Bu keyfiyyətlərin isə hələlik, heç birini belə göstərməyib. Son beş ildə birmənalı təhqir, aşağılama yolunu tutan, qarayaxma, qara piarlıqla məşğul olanın, mənimlə dialoqa girmək istəməyinin məntiqi yoxdur. Yenə də can sağlığı, saf ürək, niyyət, əməl sahibi olmasını arzulayıram. Facebook hər kəs üçün məsuliyyətsiz açıqlama vermək üçün icad edilməyib. Biz hər yerdə, xüsusilə ictimai yerdə etik əxlaqi, milli-mənəvi dəyərlərimizə sadiq qalmağa borcluyuq. Bu məkanı çirkləndirmək olmaz, Kamran bəy. Səni danışıqlarında və davranışlarında ədəb-ərkana dəvət edirəm”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər