Abşeron rayonu ərazisində svetoforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəcəbov Firdovsi Abgül oğlu həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdikləri üçün polis idarəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı, sərnişinlərin də həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırır.