Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Teleqraf.com-a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri - Cehun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.