4 Noyabr 17:07
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ seçkilərində Donald Tramp və ya Kamala Harrisin qalib gəlməsindən asılı olmayaraq, bu, Avropanın təhlükəsizliyi üçün itki olacaq. Çünki Rusiya ilə silahlı toqquşma baş verəcəyi təqdirdə ABŞ-ın Avropanın köməyinə gələcəyinə inananlar azdır.

Teleqraf.com xəbər verir ki, bunu “Tayms”ın analitiki Edvard Lukas deyib.

“Müharibə ehtimalı var, düşündüyümüzdən də yaxındır. Rusiyanın Ukraynanı çıxılmaz vəziyyətə saldığını fərz etsək, Prezident Putinin qüvvələri iki il, hətta daha az müddətdə yeni hərəkətlərə hazır ola bilər. Hələ də NATO-nun işləyəcəyinə və ABŞ-ın yardıma çatacağına ümid edənlər var, amma buna inanan çox azdır”, - ekspert vurğulayıb.

Lukas qeyd edir ki, Ukrayna Qərbə Rusiya ilə müharibəyə hazırlaşması üçün vaxt qazandırdı, amma Avropa bu şansdan yararlanmadı. Onun sözlərinə görə, Avropa Rusiyanın mümkün işğalına biabırçı şəkildə zəif hazırlaşıb və Putin bunu bilir.

Analitik əlavə edib ki, Rusiya artıq Qərbə hücum edir, təxribat törədir, bir çox insidentlər rəsmilər və müvafiq qurumlar tərəfindən ört-basdır edilir, bu da daha böyük xaosa gətirib çıxarır.

“Həmçinin bəzi Avropa ölkələri Rusiyadan təhlükə görür və fəal şəkildə müharibəyə hazırlaşırlar. Məsələn, Finlandiya hər bir sakin üçün altı aylıq ərzaq, yanacaq və dərman ehtiyatı toplayıb, yeraltı sığınacaqlar hazırlayıb. Estoniya müdafiə büdcəsinin dörddə birini təkcə silah-sursata xərcləyir. Polşa Avropanın ən böyük və ən təsiredici silahlı qüvvələrinə malikdir. Eyni zamanda, onların təkbaşına mübarizə aparmalı olmaları da tamamilə mümkündür”.

Lukasın fikrincə, ukraynalılar indi Qərbin qərarsızlığının bədəlini ödəyirlər, amma məğlub Ukrayna bütün Avropa üçün nəhəng problemə çevriləcək:

“Böyük, güclü, vahid şəkildə Kreml imperializminə qarşı çıxmaq şansımız oldu. Həqiqi hərbi dəstəyin göstərilməsi ilə bağlı risklər və xərclərdən qorxaraq, bundan istifadə etmədik. Ukrayna bizə öz müdafiəmizi gücləndirmək üçün vaxt verdi. Biz onu boşa verdik. Bu arada bizim təhlükəsizliyimiz və azadlığımız ABŞ-ın növbəti administrasiyasının təhlükəsizliyimizə bizdən daha çox əhəmiyyət verəcəyi ilə bağlı həssas fərziyyəyə əsaslanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər