4 Noyabr 13:30
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən İlkin Hetayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İlkin Hetayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Balakən rayonunun Şambul kəndi ərazisində baş verib. Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə 2 sərnişin - 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Elayev, 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay İsmayılova ölüb, hər iki sürücü və üç sərnişin isə xəsarət alıb.

İstintaq araşdırması zamanı yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb İlkin Hetayev olması müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin Hetayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, dayısı oğlu Şaban Elayev ona zəng vurub, pul götürməli olduğunu, onu Balakən rayonunun Qullar kəndinə apara bilib-bilməyəciyini soruşub: “Mən onun evinə getdim və kəndə apardım. İşləri bitəndən sonra Balakən rayonunun Şambul kəndinin ərazisindən keçəndə toy karvanının gəldiyini gördüm.

Həmin vaxt idarə etdiyim avtomobilin sürəti 70 km/saat idi. Yenə də ehtiyat edərək, əyləcə basdım. Toy karvanına təxminən 5 metr məsafə qalanda qəflətən “VAZ 2101” markalı avtomobil qarşıma çıxdı və düz üstümə gəldi. Maşını sağ tərəfə, daşlı-çınqıllı yola çəkdim. 5-6 metr həmin yolla hərəkət edəndən sonra öz yoluma qayıtmaq istədim.

Bu zaman digər “Mercedes-Benz” markalı avtomobil mənim maşınımla toqquşdu. Həmin vaxt Şaban Elayev maşından asfaltın üstünə düşdü. Daha sonra arxadan qara "panarama" deyilən “Mercedes” gələrək Şaban Elayevi vurdu”.

Zərərçəkmişlərdən biri ifadəsində göstərib ki, həmin gün bacısı oğlunun toy günü olub: “Qabaqçöl kəndindən gəlin gətirməyə getdik. Qayıdanda hadisə baş verdi. Yolda süni tıxac yaranmışdı. Çölə baxanda qara rəngli maşının idarəetməni itirərək gəldiyini gördüm. Maşını dayandıra bilərdi, amma sürücü əyləc yerinə qaz pedalına basdığı üçün maşını saxlaya bilmədi. Bizim maşınımızı qardaşım oğlu idarə edirdi”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər