4 Noyabr 13:21
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb mətbuatı peyk məlumatlarına istinadla Çin ordusunun Cənubi Çin dənizində yeni radar sistemləri yerləşdirməsi barədə xəbər yayıb. Radarlar Çinin bölgədəki müşahidə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Çin Parasel arxipelaqının cənub-qərb hissəsində yerləşən Triton adasındakı forpostunu təkmilləşdirir. Burada radar sistemləri yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin 30 ildir ABŞ-ın bölgədəki qabaqcıl hərbi imkanlarından qorunmaq üçün texnologiyalar formalaşdırır:

“Parasel arxipelaqının cənub-qərb hissəsinə Tayvanla Vyetnam da iddia edir. Çin bu iddiaları rədd edərək arxipelaq ətrafındakı adaları özününkü sayır. Vaşinqton bu bölgədən keçən ticarət yolunun onun milli maraqları üçün çox vacib olduğunu bildirir və ərazidə sərbəst naviqasiya əməliyyatları həyata keçirir.

ABŞ-ın Filippinlə qarşılıqlı müdafiə müqaviləsi var. ABŞ Filippini Cənubi Çin dənizində mümkün hücumdan müdafiə etməyi öhdəsinə götürüb. Son iki il ərzində Çin dəfələrlə bu sularda aqressiv davranışda ittiham olunub, analitiklər belə qarşıdurmaların münaqişəyə çevrilməsi riski ilə bağlı xəbərdarlıq ediblər.

Oktyabrda Vyetnam Çin hüquq mühafizə orqanlarını Parasel yaxınlığında 10 vyetnamlı balıqçıya hücum etməkdə və təxminən 4 ton balıq tutmaqda ittiham edib. Adalar zəngin balıqçılıq sahələri olmaqla yanaşı, həm də neft-qaz ehtiyatlarına malikdir. Bu baxımdan Çinin Triton adalarındakı tikinti işləri Vyetnamı narahat edir. Çünki Pekin bu adalarda radar sistemləri yerləşdirməklə Vyetnamın hava və dəniz qüvvələrini nəzarətdə saxlaya biləcək. Bu radarlar həmçinin ABŞ, Böyük Britaniya və Avstraliya donanmalarının ətraf sularda naviqasiya cəhdlərini çətinləşdirə bilər”.

Təhlildə vurğulanır ki, Çin raket qüvvələrini də əhəmiyyətli dərəcədə gücləndirib:

“Bu, ABŞ-ın Hind-Sakit okean bölgəsindəki müttəfiqlərini narahat edən əsas amildir. Bu səbəbdən ABŞ öz üzərinə müttəfiqlərinin ortamənzilli ballistik raket qüvvələrini gücləndirmək öhdəliyini götürüb. ABŞ-ın “Nüvə Çağırışları: Strateji və Regional Rəqiblərin Artan Bacarıqları” adlı hesabatında müttəfiqlərə verilən ortamənzilli ballistik raketlərin yerüstü və dəniz hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyətinə malik olduğu bildirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər