Azərbaycanın 15 nəfərdən ibarət nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərində “Cənubi Qafqazın III gənc siyasətçilər Forumu”na qatılıblar.
Teleqraf.com-un məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini forumda Əli Pənahov, Məmmədbağır Məmmədov və Ümid Abuzərli təmsil edib. YAP Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov “Cənubi Qafqazda partiyalararası əməkdaşlıq” mövzusunda açılış nitqi ilə çıxış edib.
Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının fəalları Cəmilə İbrahimova və Nərmin Şamilova da Kutaisidə keçirilən forumda iştirak ediblər. Bu barədə isə Demokratik İslahatlar Partiyasının mətbuat xidməti məlumat yayıb. Forumda “Cənubi Qafqazda partiyalararası əməkdaşlıq”, “Sosial media və elektron hökumətin partiya siyasətindəki rolu”, “Qlobal inkişafın Cənubi Qafqaz və Ukraynaya təsirləri”, “Cənubi Qafqaz və Ukraynada demokratikləşmə”, “Pul və siyasət” mövzularında müzakirələr keçirilib. Nərmin Şamilova “Cənubi Qafqaz və Ukraynada demokratikləşmə” mövzusunda məruzə edib.
Qeyd edək ki, foruma Azərbaycan, Gürcüstan, Ukrayna və Ermənistandan siyasi partiyaların və parlamentlərin nümayəndələri qatılıblar.
Səxavət