Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən verilən xəbərə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumla ölkəmizin səmərəli əməkdaşlığından, Azərbaycanda müxtəlif sahələrdə görülən böyük işlərdən danışıb. Bildirib ki, ölkəmizin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir. Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır. Səməd Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, bu problem nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.
Görüş üçün təşəkkürünü bildirən Avropa Şurası Nazirlər Komitəsinin siyasi məsələlər üzrə direktoru Aleksandr Guessel qurumla ölkəmizin əməkdaşlığını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan bizim təşkilatın mühüm üzvlərindəndir: “ Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Mən Azərbaycanda gedən prosesləri yaxından izləyirəm və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm. Bakıda olduğumuz müddətdə maraqlı görüşlər keçirdik və faydalı fikir mübadiləsi apardıq”.
Nemət