Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun doğum günüdür. 59 yaşını tamam edən M.Mirəlioğlu 1956-cı ilin sentyabr ayının 1-də, Yardımlı rayonunun Telavar kəndində anadan olub.
Ad günü ilə bağlı təəssüratlarını Teleqraf.com-a bölüşən KXCP sədri onu təbrik edən hər kəsə minnətdarlığını bildirdi: "Səhər tezdən telefonum susmur. İlk təbrik edən ailə üzvlərim, partiyadaşlarım oldu. Jurnalistlər də təbrik edirlər. Hər kəsə minnətdarlığımı bildirirəm. Tanrı xalqımıza, millətimizə yar olsun".
M.Mirəlioğlu ad gününü çox sadə, ailə üzvləri, dostları ilə birgə keçirəcəyini qeyd eydi.
Azərbaycanın milli-oyanış hərəkatında fəal iştirakı ilə seçilən M.Mirəlioğlu 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə deputat seçilib. O, 1995-ci ildə ikinci dəfə deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə 46 saylı Əli Bayramlı seçki dairəsindən Millət Vəkili seçilsə də, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq, öz deputatlıq mandatından imtina edib.