Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsi Əli Kərimlidən uzaqlaşıb.
Teleqraf.com xəbər verir ki, AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (EQTK) üzvü Cavid Musazadə konfransı açaraq, AXCP-də yaranmış durumun, Əli Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın partiyanı uçuruma apardığını bildirib.
C. Musayev qeyd edib ki, AXCP Ə.Kərimli kimi insanların inhisarından çıxarılmalıdır.
Sonra AXCP EQTK-nin sədri Razi Nurullayev geniş çıxış edərək Ə. Kərimlinin apardığı siyasətin AXCP-nin məhvinə gətirdiyini bildirib. Qeyd edib ki, Ə. Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir.
“Əli Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir. Azərbaycan müxalifətində bunun presedenti var. Lalə Şövkət ALP sədrliyindən getdi, Etibar Məmmədov AMİP sədri postundan istefa verdi. İsa Qəmbər son qurultayda Müsavatın başqanı postundan getdi. Əli Kərimli də getməlidir. Ümumiyyətlə, 90-cı illərdən bu yana uğursuz siyasət aparan bütün siyasətçilər siyasi meydandan çəkilməlidir, yeni qüvvələrə, gənclərə meydan verilməlidir. Biz demirik ki, Əli Kərimli, başqa liderlər pis insanlardı, xeyr! Onlar bəlkə də doğmaları, qohumları, ailə üzvləri üçün yaxşı insanlardır, yaxşı ailə başçılarıdır. Ancaq siyasətçi kimi uğursuz siyasətçilərdir. Uğursuz siyasətçinin isə siyasətdə qalması məqbul deyil”, - deyə o bildirib.
R .Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal Bayramov AXCP Suraxanı rayon şöbəsinin sədri seçilib.
Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Savid Nəbiyev, Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad Qurultayına nümayəndələri də müəyyən edib. Suraxanı şöbəsini qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.
Qeyd edək ki, Suraxanı rayon şöbəsi AXCP-nin əsas dayaqlarından biri sayılır. Son iki parlament seçkisində Ə. Kərimli bu dairədən namizəd olub.