Müsavat Partiyası daxilində və ətrafında maraqlı hadisələr yaşanır. Belə ki, Müsavat Partiyası REAL Hərəkatı və NİDA ilə seçkilərdə birgə əməkdaşlığa dair imzaladığı bəyanatı fərqli formada yozur, bunu müxalifətin ən güclü birliyi kimi təqdim edir, hətta birgə namizədlər siyahısının olacağına dair cəmiyyətə informasiya ötürür.
Müsavatın və ona yaxın medianın bu cür fəaliyyəti artıq REAL-da ciddi narazılıq və narahatlıq yaratmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, REAL İdarə Heyətinin bəzi üzvləri hətta bu məsələyə yenidən baxılması və Müsavatla əməkdaşlıq imkanlarının aradan qaldırılmasını istəyirlər. Yeri gəlmişkən, Müsavatın REAL-la texniki əməkdaşlığını fərqli formada təqdim etməsi sosial şəbəkələrdə də ciddi müzakirə edilib.
Belə ki, dünən məhz bu məsələyə dair Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli ilə REAL İdarə Heyətinin üzvü Azər Qasımlı arasında çəkişmə də olub. Mustafa Hacıbəylinin guya bu qüvvələrin seçkilərə birgə getməsinə dair təbliğatına Azər Qasımlı ciddi etiraz edib: "Müsavatla REAL-ın yalnız texniki məsələlərdə əməkdaşlığı mümkündür. Verilən birgə bəyanat da onu ehtiva edir. Vahid namizəd mövzusunda heç bir müzakirə və ya birgə qərar ola bilməz!".
Mustafa Hacıbəyli isə qarşı tərəfə cavab olaraq məsləhət bilib ki, verilən birgə bəyanatla tanış olsun, həmin sənədə baxsın: "Məncə, bəyanatı oxumaq yaxşı olar. Burada söhbət seçkilərdə birgə müşahidə aparmaqdan, fəaliyyəti uzlaşdırmaqdan gedir. Biz mübarizə naminə seçkilərə qoşulmuşuq. Və bu prosesdə olan qüvvələrin, insanların əməkdaşlığı təbii haldır".
Müsavat başqanının müavini Səxavət Soltanlı da yaşanan bu gərginliyə reaksiya bildirib: "Bu müzakirə məncə tərəflərin niyyətinə adekvat deyil. Texniki məsələləri-mətni kim yazıb, kim oxuyub, kim düzəliş edib, təklifi kim irəli sürüb, təşəbbüs kimdən gəlib kimi məsələləri kənara qoyaq.
Biz Müsavat olaraq bu təşkilatlarla bu bəyanata imza atmağı indiki şəraitdə mümkün və doğru hesab etdik. Nəzərə alsaq ki, qarşıdan gələn günlərdə birgə müşahidə edəcəyik, bu da cəmiyyətin marağı baxımdan doğrudur, burada alqışlanası məqamları önə çəkmək lazımdır. Vahid namizəd məsələsi boş söhbətdir".
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli isə söyləyib ki, burada söhbət Müsavata inam məsələsindən getmir: "Bu, inam söhbəti deyil, sırf seçki dönəmini əhatə edir, ancaq seçkiyə nəzarətdə birgə fəaliyyəti ehtiva edir".
Natiq Cəfərli əlavə edib ki, onlar siyasətə ciddi yanaşırlar: "Bu, müttəfiqlik deyil, blokda əməkdaşlıq deyil. Mətn açıq və netdir. Mətni də biz yazmışıq".
Narazılar Müsavatdan məhkəməyə müraciət edəcək
Hazırda Müsavat daha bir problemi ondan Ədliyyə Nazirliyinə şikayət edən şəxslərlə yaşayır.
Xatırladaq ki, partiyanın VIII qurultayından narazı qalan bir qrup şəxs Ədliyyə Nazirliyinə müraciət edərək qurultayda baş verən nizamnamə və prosedur pozuntularının araşdırılmasını istəyib. Nazirlik isə şikayətçilərə məsləhət görüb ki, məhkəməyə müraciət etsinlər. Bundan dərhal sonra partiya üzvü kimi qalan şikayətçilərdən bəzilərinə qarşı təzyiqlərə start verilib. İddia olunur ki, bu, başqan Arif Hacılının tapşırığı ilə həyata keçirilir. Dünən qurultaydan narazı qalanlar açıqlama ilə çıxış ediblər. Onların fikrincə, Ədliyyə Nazirliyi müraciətlərini araşdırmalı imiş. Nazirliyə müraciət edənlərdən biri Əlövsət Sadıqlı bəyan edib ki, onlar Müsavat Partiyasının qurultay materiallarının saxtalaşdırılması faktları və Müsavat Partiyasının imicinə vurulmuş ölümcül zərbə ilə barışmaq fikrində deyil və Arif Hacılının layihəsi olan bu durumun aradan qaldırılması üçün, müvafiq məhkəmə instansiyaları da daxil, bütün mümkün qanuni imkanlardan istifadə edəcəklər.
CAVİDAN