10 Sentyabr 2015 14:03
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah ( ADR ) Hərəkatı İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, görülən işlər, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr, cari məsələlər müzakirə edilib. Təşkilati məsələlərdə idarə heyətinin üzvü İbrahim İbrahimlinin Qax rayon ADR Hərəkatın Təşkilat Komitəsinin təsis edilməsi haqqında məlumatı dinlənilib. Hərəkata üzvülüklə bağlı müraciətə baxılıb. Ölkədə və dünyada baş verən siyasi-iqtisadi hadisələrlə bağlı ADR sədrinin I müavini Vurğun Əyyubun geniş məlumatı müzakirəyə çıxarılıb. ADR Hərəkatı Qarabağ və ətraf rayonlarda atəşkəsin tez-tez və fasiləsiz pozulmasından doğan dərin narahatlıq hisslərini ifadə edib, şəhid olan əsgərlərimizin ailələrinə başsağlığı verib. Eyni zamanda Türkiyədəki terror hadisələrini kəskin şəkildə pisləyərək, bu faciələrdən dolayı qardaş xalqın yanında olduqlarını ifadə ediblər. ADR Hərəkatının rəhbərliyi qarşıdan gələn parlament seçkiləri ətrafında da geniş fikir mübadiləsi aparıb, hərəkat üzvlərindən seçki marafonuna qoşulanlara uğur diləyib.

Məhkəməyə müraciət hazırlanır

Bu arada ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli Müsavat Partiyası rəhbərliyini ittiham edib. E.Məmmədli bəyan edib ki, Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı olan müsavatçılar lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə müraciət müsbət nəticə verməsə də, məhkəmədə iddialarının təmin olunacaqlarına inanırlar: “Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi üçün Ədliyyə Nazirliyinə edilmiş müraciətin Demokratiya və Rifah Hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, qurultayın nəticələri ilə razılaşmayan bir qrup müsavatçının, eyni zamanda həyatını, gəncliyini bu partiyaya həsr etmiş, lakin hüquqları pozulmuş şəxslərin adından belə bir ərizə ünvanlanıb. Arif Hacılı istəyir ki, Ədliyyə Nazirliyinə müraciət məsələsində ADR Hərəkatının adı hallandırılsın. Halbuki, Ədliyyə Nazirliyinə müraciət edənlər qurultayın nəticələrini tanımayan və Arif Hacılının özünün başqan kimi Ədliyyə Nazirliyində qeydə alınmasından sonra partiyadan çıxarılmış fədakar müsavatçılardır. Biz MNTK-ya müraciət etdik, nəticəsi olmadı. İsa Qəmbərə müraciət etdik, əlinin arxası ilə yox cavabı verdi. Bundan sonra mövcud qanunlar üzrə hərəkət etməyə məcbur olduq. Biz də bütün qanunvericilik imkanlarından istifadə edərək lazım gələrsə, sonuncu məhkəmə instansiyasına qədər gedəcəyik. Artıq hüquqşünas məhkəməyə hazırlıqla bağlı sənədləri hazırlayır və çox güman ki, gələn həftə müraciət təqdim olunacaq”.

CAVİDAN


Müəllif: