Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Fransa Respublikası Senatının Azərbaycanla dostluq qrupunun sədri Andre Rişardın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Spiker görüş zamanı deyib ki, Azərbaycanın Fransadakı dostları ilə görüşmək hər zaman sevindirici haldır: “Ölkəmiz Avropanın bu dövləti ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. Bu baxımdan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter alması təqdirəlayiqdir. Dövlətlərimizin başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb”.
Parlament sədri qeyd edib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələr mühüm rol oynayır: “Biz Fransa Senatı ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Heç də təsadüfi deyildir ki, Milli Məclisdə fəaliyyət göstərən Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Təkcə siyasi deyil, həyatın digər sahələrində də əlaqələrimizin genişləndirilməsi ümumi məqsədlərə çatmaq üçün çox önəmlidir”.
Spiker Fransa-Azərbaycan dostluq qrupu sədrinin müavini Natali Qule ilə dəfələrlə görüşdüyünü xatırlayaraq, Fransa nümayəndə heyətinin bu səfərinin də hər iki tərəf üçün əhəmiyyətli olacağına inamını ifadə etdi. Bildirdi ki, Azərbaycan Avropa ölkələri, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin inkişafında daha maraqlıdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını dedi. Qeyd edildi ki, əməkdaşlığın daha da genişlənməsində parlamentlər mühüm rol oynayır. Fransa Senatı Azərbaycan parlamenti ilə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Fransada keçirdiyi tədbirləri yüksək dəyərləndirərək, bu kimi işlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini söylədi.
Nemət