“AXCP sədrliyinə namizədliyimi elan edirəm".
Teleqraf.com-un xəbərinə görə, bunu AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bildirib.
O, Facebook sosial şəbəkəsində yazdığı statusda bildirib ki, hamının olduğu kimi Əli Kərimlinin də zəif tərəfləri var: "Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində, Əli Kərimli ilə sədrlik uğrunda yarışmaq istəyirəm. Mən 16 yaşımdan cəbhəçiyəm, 25 illik siyasi fəaliyyətim var, məhbus həyatı yaşamışam”.
Qeyd edək ki, AXCP sentyabrın 27-nə qurultay təyin edib. Tədbirdə partiyaya yeni sədr seçiləcək.
Sahib Kərimli isə hesab edib ki, ortaya iddia qoyduğu üçün heç kim uzağa gedən nəticələr çıxarmamalıdır: “Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Əli Kərimli də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam, pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli Kərimlinin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa, bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq”.
Cavidan