19 Sentyabr 2015 21:48
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi (AXCP) arasında yeni qarşıdurmanın əsası qoyulub.

Tərəflər bu dəfə də “satqınlıq” ifadəsi səbəbindən üz-üzə gəliblər. Bu dəfə qarşıdurmaya Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının verdiyi müsahibə zamanı işlətdiyi bəzi fikirlər olub.

“Satqınlar Əli Kərimlinin yanında yer aldı”

Məclis sədri verdiyi müsahibə zamanı bəyan edib ki, müxalifətdə əsas problem birləşməməkdir. O, bu məsələdə əsas günahkar kimi AXCP sədri Əli Kərimlini göstərib: “Problem bir ideologiya ətrafında birləşməməkdir. Əbülfəz Elçibəy üçün Müsavat, AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi. Mən onun iştirakı ilə AXCP rəhbərliyinin son yığıncağını xatırlayıram. Sonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığıb tövsiyələr verdi. Onun müşaviri kimi mən də orada iştirak edirdim. Birinci müavini Əli Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Ancaq bəyin dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu. Müsavat o zaman Mirmahmud Mirəlioğlunun sonradan KXCP-yə dönüşən qanadını müdafiə etdi. AXCP-yə və Elçibəyə xəyanət edənlər Əli Kərimlinin yanında yer aldı. Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız, xırda hisslərdən xilas ola bilmirlər”.

AXCP-nin Müsavatın Məclis sədrinə cavabı və ittihamı özünü çox gözlətməyib. AXCP-yə yaxın mətbuat Nüşabə Sadıxlını hədəfə alıb: “Əvvəla, qeyd edək ki, baş verənlər o qədər də uzaq tarix deyil və prosesin içində olanlar hər şeyi detallarına qədər xatırlayır. Həmin dövrdə AXCP-Müsavat blokuna ilk zərbəni Müsavat özü vurdu. Hətta KXCP cinahına keçən şəxslərin plakatlarını küçələrə yapışıdırıb ”AXCP Müsavatı dəstəkləyir" təbliğatı apardı. Bir faktı da demək lazımdır ki, Elçibəyin ölümündən öncə göndərdiyi siyahıda Əli Kərimlnin adı birinci yazılmasına baxmayaraq, Müsavat əks cinahı dəstəklədi.

İkincisi, proses həmin dövrlə yekunlaşmayıb. Sonrakı mərhələlərdə də AXCP şəxsi ambisiyalardan imtina edib, birlik formatı təklif eləyib. Hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat olub. Müxalifətin birlik formatı kimi yaranmış Milli Şuranı da ilk tərk edən Müsavat oldu. Həm də seçkilərdə Cəmil Həsənlini dəstəkləyib, Milli Şura çətiri altında fəaliyyət göstərib, sonra Milli Şuranı “Rusiya proyekti” adlandıran da Müsaavat partiyası oldu. Amma AXCP bu gün də Milli Şurada təmsil olunur və birlik formatının möhkəmlənməsinə xidmət edir. Uzun illərdən sonra AXCP-nin harda dayandığı göz önündədir. Müsavatdan fərqli olaraq AXCP xəyanətkarları müdafiə etməyə çalışmayıb".

AXCP-yə yaxın media Müsavata məsləhət görüb ki, daha özünü AXCP ilə müqayisə etməsin: “AXCP hansı gündədir? Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə Gənclər Komitəsi Müsavat Partiyasından üstündür. Bəlkə, Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat Milli Şuradan çıxdıqdan sonra neçə nəfər yeni üzv qəbul edib? Xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Çünki, partiya əsas etibarilə sağlamdır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər