29 Sentyabr 2015 20:13
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəhhabilərin özləri İslamın bir çox adətlərinə fərqli baxdığına görə ayinlərin özünə də qeyri-ciddi yanaşırlar. Buna görə də təşkilatçılıq yüksək səviyyədə təmin olunmur. Uzun illərdir Məkkə və Mədinənin Səudiyyə Ərəbistanının suverenliyindən alınıb bütünlükdə ümumdünya müsəlman təşkilatı tərəfindən idarə olunması təşəbbüsü var. Məkkə bütün müsəlmanların müqəddəs yeri olduğuna görə bir ölkənin ərazisi hesab oluna bilməz. Məkkə və Mədinəyə ziyarət bütün İslam dünyasının təşkilatçılığı altında olsa, onda heç kəs kimisə ittiham etməz”.

Bunu qəzetimizə müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik:

- Sərdar bəy, Məkkədə yüzlərlə insanın ölümünə səbəb olan hadisə dünyanın diqqətindədir. Bu prosesi necə şərh edərdiniz?
- Bu hadisə Məkkədə baş verdiyinə görə Qurani-Kərim kitabının aspektindən yanaşmalıyıq. Allah-təalanın həqiqi müsəlmanlara 5 əmrindən biri səbirli olmaqdır. Oradakı hadisə də basabas nəticəsində oldu, yüzlərlə insan dünyasını dəyişdi. İnsanlar İslamın ən müqəddəs ayinini icra edərkən faktiki olaraq Allahın əmrini yerinə yetirməyib basabas edirsə, bu, o deməkdir ki, Həccə gedən insanların böyük əksəriyyəti dinin ümumi tələblərini ödəyə bilmir. Halbuki, Həcc ziyarətinə gedən insanlar o qədər təmkinli və səbirli olmalıdırlar ki, orada nəinki basabas yaranmasına, hətta bir qarışqanın kiminsə ayağının altında qalıb məhv olmasına imkan verməməlidir. Son vaxtlar Həcc dəbə düşüb, kim haradansa 3-5 manat pul tapırsa, dərhal ziyarətə gedir. Adam var ki, 32 dəfə Həccə gedib, amma burada adi müsəlman kimi yaşamır. 32 dəfə Həccə gedən övliya olmalıdır. Amma baxırsan ki, cəmiyyətdə ən axırda duran adamlardan biridir, müsəlmanlığın adət-ənənəsini mükəmməl şəkildə yerinə yetirə bilmir. Həm də sonradan məlum olur ki, adamların çoxu Həcc ziyarətinə gedəcək dərəcədə möminlik səviyyəsinə çatmayıblar. Həcc ziyarəti İslamın ən axırıncı şərtlərindən biridir. Əsas şərtlər yerinə yetiriləndən və müəyyən dərəcəyə çatandan sonra yerdə Allahın evini ziyarət etməli və bununla da siz axirət günündə Allaha inandığınızı nümayiş etdirməlisiniz. Quranda Həcc ziyarətinin fəlsəfəsi bundan ibarətdir ki, Allah-təala İbrahimə ev tikməyi buyurur. Ki, siz mənim evimi ömrünüzdə bir dəfə ziyarət edin, bilin ki, axirətdə də gəlib özümü ziyarət edəcəksiniz. Əslində, bu ziyarət axirətə inanmağın yerdəki təsdiqidir. İslamın əvvəlki şərtlərini mükəmməl şəkildə yerinə yetirməyənlərin Həccə getməsinə ehtiyac yoxdur. Həcc ziyarətinə gedənlərin sayının ilbəil artması möminlərin sayının çoxalmasına işarə etməklə yanaşı, işbaz adamların Həccə getməklə özlərinə əlavə imic və status “qazanmasına” gətirib çıxarıb.

- Bu hadisənin zəif təşkilatçılıq ucbatından baş verdiyi iddia olunur. Hansısa qruplaşmalar tərəfindən törədildiyi iddiaları da səslənir. Belə fikirlər də var ki, bu cür ölüm halları hər zaman olub, internetin kütləviləşməsi bu olayları üzə çıxarır. Sizin versiyanız necədir?
- Bu cür kütləvi tədbirlərin müntəzəm olaraq keçirildiyi bir ölkədə təhlükəsizlik tədbirləri maksimum həddə çatmalıdır. Düzdür, faktiki olaraq Məkkə Səudiyyə Ərəbistanının ərazisindədir, səudilər özləri vəhhabidirlər, amma Səudiyyə Krallığı unutmamalıdır ki, İslam dünyasının bütün təriqətlərinin müqəddəs yeri Məkkədir. Buraya şiə, sələfi, nəqşibəndi, ismaili də gələ bilər. Bu təriqətlər də inanclara görə bir-birindən fərqlənir. 2 milyona yaxın insanın prosesləri eyni vaxtda yerinə yetirməli olduğunu nəzərə alsaq, Səudiyyə Ərəbistanı elə yüksək səviyyədə təşkilatçılıq həyata keçirməlidir ki, orada heç bir anlaşılmazlıq olmasın. Vəhhabilərin özləri İslamın bir çox adətlərinə fərqli baxdığına görə ayinlərin özünə də qeyri-ciddi yanaşırlar. Buna görə də təşkilatçılıq yüksək səviyyədə təmin olunmur. Uzun illərdir Məkkə və Mədinənin Səudiyyə Ərəbistanının suverenliyindən alınıb bütünlükdə ümumdünya müsəlman təşkilatı tərəfindən idarə olunması təşəbbüsü var. Məkkə bütün müsəlmanların müqəddəs yeri olduğuna görə bir ölkənin ərazisi hesab oluna bilməz. Məkkə və Mədinəyə ziyarət bütün İslam dünyasının təşkilatçılığı altında olsa, onda heç kəs kimisə ittiham etməz. İndi İranla Türkiyə, çoxlu tələfatlar vermiş Afrika ölkələri Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edir. Çünki Məkkə və Mədinə bu hakimiyyətin suverenliyindədir. Əslində, bu iki şəhər Allahın suverenliyində olan şəhərlərdir. İslamın müqəddəs şəhərləri olduğuna görə heç bir islam dövlətinin legitimliyində ola bilməz. Dini qurum yaradılmalı, bütün müsəlman dövlətləri tərəfindən seçki yolu ilə Məkkə və Mədinənin idarəçiliyi həmin quruma həvalə olunmalıdır. Belə olan halda bütün İslam aləmi baş verənlərə eyni dərəcədə cavabdehlik daşıyar. Səudiyyə Ərəbistanı bu iki şəhərdən həddən artıq böyük xeyir götürdüyünə görə onu əldən vermək istəmir. Mənə elə gəlir ki, Məkkə və Mədinə bir dövlətlə məhdudlaşdırıla bilməz. Bu iki şəhər bütün dünyəvi dövlətlərin nəzarətindən çıxarılmalı və orada dini dövlət yaradılmalıdır. Həmin dövlətin təmsilçiləri də müsəlman ölkələrinin seçilmiş din xadimləri olmalıdır ki, təşkilatçılığı yüksək səviyyədə etsinlər.

- Azərbaycan Demokrat Partiyasının 8-ə yaxın üzvü namizədliyini irəli sürsə də, sonradan geri çəkdi. Bu addımınızı boykot kimi qiymətləndirənlər də var. Qərarınıza aydınlıq gətirmənizi istərdim...
- Biz qərarımızda seçkini boykot etdiyimizi bəyan etməmişik. Açıq şəkildə göstərmişik ki, bizim qərarımız vətəndaşların seçilmə və seçmə hüququnu məhdudlaşdıra bilməz. Yəni, bu o deməkdir ki, nə üzvlərimizin seçkiyə qatılmasını, nə də namizəd kimi iştirakını məhdudlaşdırmışıq. Ona görə də bu gün partiyamızdan 7-8 nəfər fərdi qaydada seçkilərdə iştirak edir. Partiya sədri kimi mən və əsas müavinlərim seçkidən ona görə çəkildik ki, seçkidən sonrakı dönəmdə iqtidarla müxalifət arasında siyasi dialoq mühitinin yenidən yaradılması və inkişaf etdirilməsində öz töhfəmizi verə bilək, hər iki tərəf üçün də eyni məsafədə duraq. Çünki seçkiyə qatılacağımız təqdirdə iqtidarla tərəf müqabili olacaqdıq, seçkilərdə özbaşınalıq olsaydı, demokratik ənənə pozulsaydı, iqtidarla münasibətlərimiz kəskin surətdə pozulardı. Və ya əksinə parlamentə düşsəydik, müxalifət hökumətlə bizi danışıqda ittiham edərdi. Məsələn, hələ bizim seçkiyə axıra kimi gedib-getməyəcəyimizi bilmədikləri halda, AXCP bəyan etdi ki, seçkiyə gedənlər hökumətlə danışıb. Hansı nəticə olursa olsun, yenə də biz iqtidarla müxalifəti bir araya gətirmək missiyasını öz üzərimizə götürə bilməyəcəkdik. Bu baxımdan belə qərar verdik. Həmçinin geopolitik durumda baş verən son hadisələr bizə belə qərar verməyə məcbur etdi. Ki, milli və dövlət maraqları naminə milli həmrəyliyi təmin etmək məqsədilə neytrallığımızı qoruyaq, seçkidə iştirak etməyək. Seçkiyə qatılsaydıq, neytrallığımızı qoruya bilməyəcəkdik, çünki həm müxalifətə, həm də iqtidara rəqib olacaqdıq. Biz nə seçkini boykot etmişik, nə də başqa niyyətimiz var. Azərbaycanda hamı öz qrup maraqlarını milli maraqlaından üstün tutduğundan böyük həvəslə seçkilərə qoşuldular.

- Heç bir siyasi qüvvəni dəstəkləməyəcəksiniz?
- Hər hansı siyasi qüvvəni dəstəkləmək niyyətimiz yoxdur. Seçkiyə gedən hər bir qüvvə öz gücünə arxayın olub seçkiyə qatılmalıdır. Nə başqa bir partiyanın bizim dəstəyimizə ehtiyacı var, nə də biz hər hansı partiyaya dəstək verməyi öhdəlik kimi öz üzərimizə götürmüşük. Hətta seçkidə hansısa partiyanı dəstəkləmək lazım olsaydı, seçkidən qabaq gərək bu barədə partiyalar arasında razılaşma olaydı, müqavilələr imzalanaydı. Seçkidən öncə belə bir addımlar olmadığına görə, seçkidən çəkilməyimizdən sui-istifadə edib kimsə bizdən hər hansı dəstək ala bilməz, biz də heç qüvvəyə belə dəstək verə bilmərik.

- Ümid Partiyası ilə birgə təmsil olunduğunuz “Qarabağ” blokunun aqibəti necə oldu?
- Qanuna görə seçkilər ərəfəsində hansı partiya blokda iştirak edirsə, onun ayrılıqda fəaliyyət göstərməsi qadağandır. Ümid Partiyası “125-lər” deyilən bir blokla seçkiyə getdiyinə görə onun ADP ilə və ya təklikdə siyasi partiya kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bir sözlə, Ümid Partiyası seçki qurtarana qədər yoxdur. Seçkidən sonra yəqin blokun taleyinə baxacaqlar. Şəxsən bizim partiyamızda belə bir fikir hakimdir ki, “Qarabağ” blokunun qarşısına qoyulan bütün məqsədlər yerinə yetirilib, bu blok ya başqa məqsədlər müəyyən edildikdən sonra yenidən fəaliyyət göstərə bilər, ya da buraxılmalıdır.

- Yəni, ADP tərəfindən ümidçilərə də hər hansı dəstək olmayacaq?
- Ümid deyilən partiya yoxdur. Seçkidən qabaq Ümid ADP ilə əməkdaşlıq etmək niyyətini ortalığa qoymamışdı. Ən azı “125-lər”lə ADP arasında bir-birimizə dəstək vermək barədə müqavilə imzalansaydı, bu, başqa məsələ olardı. Bir çox dairələrdə Ümid bizim namizədlərə alternativlər verdi. Şəxsən mən 21-ci dairədən namizədliyimi vermək istəyirdim, Ümid alternativ göstərdi, İqbal Ağazadə söz göndərdi ki, namizədliyimi həmin dairədən verməyim. Sonra 9-cu dairəni seçdim. Bu onu göstərirdi ki, biz əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik. Belə olan halda necə bir-birimizə dəstək verə bilərdik.

- Bu günlərdə AXCP sədrinin gizli səsvermə olmadan seçilməsi ətrafında çoxsaylı müzakirələr gedir. Sizin bu barədə mövqeyiniz necədir?
- Hər bir təşkilatın Nizamnaməsini qurultay müəyyənləşdirilir. Heç bir yerdə yazılmayıb ki, yalnız gizli seçkilər demokratiya hesab olunur. Sadəcə olaraq insan faktorunu nəzərə alıb iradəyə təzyiq olmasın deyə gizli səsverməni daha məqbul sayırlar. Amma özünü Azərbaycanın yeganə müxalifət partiyası sayan partiyada kimsə öz iradəsini sərbəst ifadə edə bilmirsə, bu, gülünc məsələdir. AXCP-nin qurultayına bu qədər önəm verilməsi intriqadan başqa bir şey deyil. AXCP elə bir mühüm gücə malik deyil ki, orada baş verən hadisələr Azərbaycan cəmiyyətini maraqlandırsın. Həm də Əli Kərimlinin real alternativi yox idi ki, gizli səsvermədə başqası seçilsin. Çünki AXCP Əli Kərimlinin şəxsi imici üzərində formalaşmış partiyadır. O partiyada ideologiyadan, əqidədən söhbət getmir. Əslində, orada sədr seçkisinə də ehtiyac yox idi. AXCP-də nə ideoloji yönüm var, nə başqa fraksiya meydana çıxıb. Bunlar hamısı süni oyunbazlıqdır. AXCP-də Əli Kərimlidən başqa ikinci bir lider görmürəm. Çünki Əli Kərimli olmayacağı təqdirdə AXCP də olmayacaq.

- Adətən, təşkilatlar qurultayına digər partiya rəhbərlərini qonaq qismində dəvət edirlər. Sizcə, AXCP niyə heç bir müxalif partiya sədrini qonaq çağırmadı?
- Şəxsən məni qurultaya dəvət etsəydilər də, getməzdim. Bir dəfə onların tədbirində iştirak etmişəm, Əli Kərimli başda olmaqla cəbhəçilər özlərini çox tərbiyəsiz apardılar. Ona görə də bundan sonra nə AXCP-nin tədbirlərində iştirak etmək fikrim var, nə də onları öz tədbirimizə çağıracağıq. Başqa siyasi partiyaların dəvət olunmamasına gəlincə, Əli Kərimli elə bir siyasət aparıb ki, Azərbaycanda heç bir müxalif partiya sədri ilə normal insani münasibəti yoxdur. Hələ siyasi münasibəti bir kənara qoyuram. Onlara ən yaxın olan, zaman-zaman bir blokda fəaliyyət göstərdikləri Müsavat Partiyası ilə müttəfiq olduqları vaxtda belə düşmənçiliklərini davam etdiriblər. Bu gün Əli Kərimlinin kimisə öz tədbirinə dəvət etməyə üzü yoxdur. AXCP-nin yubiley iclasına getmişdim, dəvət edilən insanların heç biri gəlməmişdi. Əli Kərimli özü də başa düşür ki, kimisə qurultaya çağırsaydı, dəvətlilərin böyük əksəriyyəti getməyəcəkdi. O, öz apardığı siyasətin nəticəsi olaraq təklikdə qalıb o cür də qurultay keçirməli idi.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər