30 Sentyabr 2015 16:32
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

A.Əlizadə namizədliyini 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi Aliyə Ağrılı Reyman qızıdır. Sözügedən dairədə hazırki deputat Ümid Partiyasının sədri İqbal Ağazadədir. O, bu seçkilərdə də namizədliyini həmin dairədən irəli sürüb.

35 saylı dairəyə ilk dəfə müraciət edən Araz Əlizadə imzatoplama kampaniyası zamanı hər hansı çatışmazlıqla qarşılaşmadığını bildirib: “Bizə hər hansı maneçilik törədilmədi. ASDP-dən 5 namizədin hamısı rahat şəkildə imzalarını toplayıb müvafiq dairə seçki komissiyalarına təqdim edib”.

İmzaları saxta çıxan müxalif qüvvələrə gəlincə, Araz Əlizadə bunun səbəbini həmin şəxslərdə görür: “Baxsınlar, görsünlər bu illər ərzində siyasətdə nə qədər yalan danışıb insanları güdaza veriblər, onları satıblar. Bundan sonra insanlar ona inanıb imza verərmi heç? Oynaya bilmirlər, deyirlər yerim dardır”.

A.Əlizadə seçkidəki rəqiblərindən də danışıb: “Azərbaycan siyasətində məndən ironik danışan və istehza mədəniyyətinə malik olan siyasətçi yoxdur. Rəqiblərimdən kimsə təhqirə keçsə və öz hazırcavablığını göstərmək istəsə, mütləq cavabını alacaq. Heç zaman qara piarla məşğul olmamışam. Ancaq mənə qarşı qara piarla məşğul olanları hər zaman ayağımın altına atıb sürümüşəm. Vaxtilə də mənə qarşı qara piarla mübarizə aparırdılar və prezident seçkilərində gördülər ki, mən kəskin danışan adamam”.

O, mədəni mübarizənin tərəfdarı olduğunu dilə gətirib: “Rəqiblərimdən İqbal Ağazadə məni hövsələdən çıxarmaq istəyir. Ona deyirəm ki, İqbal Ağazadə, cavabını alacaqsan, özü də çox təmkinlə”.

A.Əlizadə hesab edir ki, rəqibi hazırki deputat olsa da, ona qalib gəlməyi bacaracaq: “Zənnimcə, bir insan 12 il deputatdırsa, bu dövrdə istədiyi qanunların qəbul olunmasına çalışa bilərdi. Millət vəkilinin işi qanunvericiliklə məşğul olmaqdan ibarətdir. O, nə asfalt salmalı, nə də uşaq meydançası düzəltməlidir. Soruşmaq lazımdır, 3 dəfə deputat seçilmisən, asfalt saldığını başa düşdük, insanların həyatını asanlaşdırmaq üçün nə iş görmüsən? Uşaq meydançası düzəltmək bələdiyyənin işidir. Milli Məclisin üzvünün işi xalqa lazım olan qanunu qəbul etmək və onun üzərində işləməkdir. Bir insan 12 il ərzində qanun layihəsi təşəbbüsü ilə çıxış etməyibsə, daha 5 il müddətində parlamentə getməyinin heç bir mənası yoxdur. Qoy, başqaları gəlib iş görsün”.

Xatırladaq ki, İqbal Ağazadə Araz Əlizadənin namizədliyi barədə demişdi: “Araz Əlizadəni çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım”.

Nərgiz


Müəllif: