24 Oktyabr 2015 14:51
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən siyasətdən getməmişəm. Lakin siyasi fəaliyyətə bir müddət ara vermək fikrindəyəm. Bundan sonra partiya ilə əlaqə saxlamaq niyyətim yoxdur”.

Bu bəyanatla bir neçə gün əvvəl Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyindən istefa verən Yusif Bağırzadə çıxış edib.

Qeyd edək ki, Y.Bağırzadə oktyabrın 2-də istefa verib və bundan sonra media ilə əlaqələrini dayandırıb. Dünən isə Bağırzadə bildirib ki, istefasının səbəbi hər hansı bir inciklik deyil, səhhətində yaranmış problemlərdir.

Y.Bağırzadə AMİP-in keçirilməsi gözlənilən qurultayında iştirak etməyəcəyini də elan edib. O, seçki marafonunu dayandırsa da, seçkilərin şəffaf və ədalətli keçiriləcəyini vurğulayıb: “Azərbaycanda parlament seçkilərinin şəffaf keçirilməsi üçün hüquqi əsaslar var. Mərkəzi Seçki Komissiyasının fəaliyyəti göz önündədir. Bu qurum verilən şikayətlərə, müraciətlərə vaxtında və ətraflı cavab verir. Buna görə də hesab edirəm ki, seçkilər şəffaf keçiriləcək”.

Yusif Bağırzadənin açıqlamasına AMİP-dən reaksiya gəlib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, artıq Yusif Bağırzadə ilə təmas yaratmaq partiya üçün əhəmiyyət daşımır. Onun sözlərinə görə, artıq AMİP-lə Yusif Bağırzadə arasında həll edilməyən bir durum yoxdur.

Bağırzadənin bir müddət siyasi fəaliyyətlə məşğul olmayacağı fikrinə gəldikdə Əli Orucov hesab edib ki, bu, onun şəxsi işidir: “Öz iradəsi ilə harada və necə fəaliyyət göstərmək istəməsi özünün şəxsi qərarı olacaq. AMİP-in də onunla hansısa təmasa can atması kimi durum yoxdur. Ancaq şəxsi münasibətlər ayrı mövzudur. Kim istəsə, fərdi şəkildə onunla əlaqə saxlaya bilər. Bu, artıq insani münasibətlərdir və partiyaya aidiyyəti yoxdur”.

Əli Orucov hesab edir ki, keçmiş sədrin AMİP qurultayına qatılmayacağı haqda fikirləri də anlaşılan deyil: “Qurultay AMİP-in qurultayıdır. Yusif Bağırzadə partiya sıralarını tərk etdiyi üçün onun qurultayda iştirakı onsuz da mümkün deyildi. Əgər onu partiya qurultaya qonaq dəvət edərsə, bu, ayrı məsələ olardı. Onun mətbuatda çıxması bizdə hansısa hiss yaratmır. İstefa verəndən sonra mən də demişdim ki, əgər telefonlara cavab vermirsə, deməli, Azərbaycanda deyil, hansısa ölkədə müalicəsini davam etdirir. İndən sonra Yusif bəy öz yönünü, kursunu, siyasətdə fəaliyyət sferasını özü müəyyən edəcək. Əslində, bunun təxmini konturlarını da müəyyən etmək olar ki, hansı düşərgədə olacaq. Ola bilsin ki, müstəqil siyasətçi olaraq fəaliyyət göstərəcək. Hər halda bunu zaman göstərər. Onun açıqlamasına diqqət edəndə müəyyən qənaətlərə gəlmək olar”.

Sonda Əli Orucov bildirib ki, partiyadan gedənlərlə yanaşı quruma üzvlük üçün müraciət edənlər də var: “Təşkilat komitəsinə müraciət edərək son aylar AMİP-ə üzv yazılanların siyahısını əldə etmək olar. Partiya canlı orqanizmdir, buradan gedənlər də, gələnlər də olur”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər