Kristofer Smit antiazərbaycan qüvvələrin içərisində fəal mövqe tutan şəxslərdən biridir. Bunu Trend-ə millət vəkili Fəzail Ağamalı ABŞ Konqresinin Helsinki Komissiyasının sədri K.Smitin qanunverici orqana “Azərbaycan demokratiya aktı - 2015” adlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, K.Smitin bütün siyasi fəaliyyəti, düşüncəsi, ruhu ermənilərlə bağlıdır.
Ermənilərin ayırdığı maliyyə vəsaiti əsasında öz siyasi biznesini quran K.Smitin xüsusi sifarişlər yerinə yetirdiyini vurğulayan deputatın sözlərinə görə, təəssüf ki, ABŞ-ın və bir sıra qərb ölkələrinin Azərbaycana qarşı siyasətində çox böyük qərəz var: “Bu siyasətdə birmənalı olaraq erməni təsiri var. Təəccüblüsü isə budur ki, bu dövlətlər özlərinin strateji xətlərindən kənara çıxaraq, Azərbaycanın onlar üçün ciddi ölkə kəsb etməsinə baxmayaraq, hələ də ermənilərin təsiri altında antiazərbaycan kampaniyası aparırlar. Biz bunlara qarşı qətiyyətli mövqe tutmalıyıq”.
F.Ağamalı Milli Məclisin üzvü Rövşən Rzayevin ABŞ konqresmeninin qərəzli mövqeyi ilə bağlı xüsusi layihə hazırlamasına toxunaraq bildirib ki, həmkarının həmin layihədəki fikirləri ilə tamamilə razıdır.
Millət vəkili ABŞ konqresmeninin Azərbaycana qarşı bu cür qərəzli siyasəti ilə əslində işğal olunmuş torpaqlarımızın Ermənistanda qalmasına kömək etdiyini qeyd edib: “Rövşən Rzayevin hazırladığı layihə ilə tanış olmuşam. Çox dəqiq, kifayət qədər faktlarla, arqumentlərlə ABŞ-da insan haqlarının mahiyyətini və bu sahədə vəziyyəti ortalığa qoyub. Ona görə də hesab edirəm ki, layihəni komitələr səviyyəsində müzakirə edib plenar iclasın gündəliyinə çıxartmalıyıq. Dövlətçiliyimizin, ölkə başçısının həyata keçirdiyi müstəqil xarici siyasətin müdafiəsində yer almalıyıq. Birmənalı şəkildə, heç bir tərəddüd göstərmədən Prezidentlə bərabər olmalıyıq”.