İki gün əvvəl Müsavat Partiyasından qovulan gənc fəal Şamil Beydullayevin nəyin qurbanı olduğu bəlli olub. O, partiya başqanı Arif Hacılını Feysbukda tənqid etdiyi üçün qurumdan çıxarılıb. Belə ki, Ş.Beydullayev Feysbuk səhifəsində Arif Hacılının ərəb diktatorları ilə şəkillərini yan-yana paylaşıb.
Partiyadan çıxarılan gənc deyib ki, Arif Hacılı Müsavat başqanı seçildikdən sonra öz rəqiblərini təşkilatdan çıxarır, onlara böhtan atdırır: "O, tək mənə qarşı yox bir çox partiya üzvlərinə, ən çox da gənclərə qarşı represiyya siyasəti yürüdür. Arif Hacılının yürütdüyü siyasət müsavatçılıq prinsplərinə, əqidəsinə ziddir. Onun apardığı siyasət Rəsulzadənin ruhunu incidir. Arif Hacılı əgər Feysbukda tənqid edən insanlara qarşı bu qədər dözümsüz yanaşırsa və onu tənqid edən hər kəsi partiyadan çıxartdırırsa, bu, onu göstərir ki, hökumətin apardığı siyasəti tənqid etməsinin əhəmiyyəti yoxdur. Bəzən Feysbukda yazdığı yazılara görə, kimlərsə təzyiqə məruz qalır və s. Əgər bu imkanlar Arif Hacılının əlində olsaydı, o tənqidçilərə qarşı repressiv siyasət aparar, onları həbs etdirərdi. Arif Hacılı başqan seçildikdən bu günə kimi partiyada dağıdıcılıq siyasəti yürüdür. Keçirilən mitinqlərə 200-300 nəfəri güclə toplayırlar, bu da Arif Hacılının Müsavatı zəiflətməsini göstərir. Arif Hacılı Müsavatı anacaq öz maraqlarına xidmət elətdirir. Onun gördüyü işlər yalnız saxta bəyanat vermək, partiya bileti sataraq Avropaya saxta yollarla mühacir göndərmək, partiyanı şəxsi biznesi kimi istifadə etməkdir. Mənim partiyadan çıxarılmağım tam qanunsuzdur. Partiyanı qanuni, qeyri-demokratik yollarla idarə edənlər elə bilirlər ki, bu qisasçılıq siyasəti onlara uğur gətirir. Amma xalq bu siyasəti görür və artıq inamı qalmayıb. Xalq güvənmirsə, onlar bir gün də siyasətdə qalmamalıdırlar".
Cavidan