10 Mart 2016 17:56
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rumıniya arasında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonita arasında görüş keçirilib.

X.Xələfov Azərbaycanın Rumıniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu bildirən X.Xələfov iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, kommunikasiya, humanitar və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Nazir müavini tarixi “İpək Yolu”nun bərpası, “Şərq-Qərb” və “Şimal-Cənub“ nəqliyyat dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd edərək, Xəzər dənizi və Qara dəniz arasında nəqliyyat daşımalarının həyata keçirilməsində tranzit ölkələr kimi Azərbaycan və Rumıniyanın xüsusi əhəmiyyətə malik olduqlarını diqqətə çatdırıb.

Enerji sahəsində əməkdaşlıq haqqında danışan X.Xələfov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbəyi kimi Azərbaycanın rolunu qeyd edib. Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad əsasında iki ölkə arasındakı əməkdaşlığı vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkün olduğunu vurğulayıb.

D.İonita IV Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirib. O, Rumıniyanın Azərbaycanla xüsusi münasibətlərə malik olduğunu qeyd edərək, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan ruminıyalı diplomat cari ildə bir sıra səfərlərin planlaşdırıldığını diqqətə çatdırıb və iki ölkə arasında siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Rumıniyanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən D.İonita Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyasının növbəti iclasının cari ilin sonlarında keçirilməsinin nəzərdə tutulduğunu, həmçinin iclas çərçivəsində biznes forumun təşkilinin mümkünlüyün qeyd edib.

Bundan əlavə, o, iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, müdafiə, mədəniyyət, təhsil, tələbə və müəllimlər üçün mübadilə proqramlarının təşkili sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu xüsusilə qeyd edib.

Azərbaycanın regionda Rumıniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayan rumıniyalı nazir müavini ölkəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.

D.İonita ölkəsinin bundan sonra da Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olması üçün öz həmkarını Rumıniyaya səfərə dəvət edib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş” imzalanıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər