Jurnalist Rauf Mirqədirovun bu gün məhkəmə zalından azadlığa buraxılması həmkarlarını və uzun illər birgə siyasi fəaliyyət göstərdiyi dostlarını sevindirib.
Xatırladaq ki, R.Mirqədirov Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub, bu partiyanın rəhbər strukturlarında təmsil olunub. Ancaq onun həbsdən azad olunmasından sonra maraqlı hal müşahidə edilib. Belə ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Mirqədirovun yaşadığı evə gedərək onu ziyarət edib, birgə çəkdirdiyi fotonu sosial şəbəkələrdə paylaşıb. Lakin nədənsə AMİP rəhbərliyinin Mirqədirovu ziyarət etməsi müşahidə edilməyib, əvəzində Müsavat Partiyası önə düşüb.
AMİP funksioneri Əli Orucovun məsələyə münasibəti çox maraqlı olub: “Bəziləri yas yerinə başsağlığına gedir, oradan “selfi” edib paylaşır, yaxud da şəkil çəkdirib yas məclisini reklama çevirirlər. Sosial şəbəkələrdəki tanış-bilişləri də paylaşılan bu şəkilləri “like” edirlər”.
AMİP nümayəndəsi deyib ki, Mirqədirovun azadlığa buraxılması barədə xəbəri eşidən kimi əvvəlcə vəkil Fuad Ağayevi arayaraq təbriklərini çatdırıb: “Çünki bir vəkil kimi Raufun hüquqlarının qorunmasında əsl fədakarlıq göstərdi. Sonra da Raufun özünü təbrik etdim. Bu, adi normadır. Uzun illə bir siyasi təşkilatda bərabər yol qət edən bir dost olaraq borcumdur. Bu, mənim də sevincimdir. Əslində, onun dostlarına da təbrik düşür. Amma bunu nə mən, nə də digərləri özünü reklam alətinə çevirmədik. Reklam roliklərinə ehtiyac olmamalıdır”.
Cavidan