12 Aprel 2016 10:21
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi, baş katib Arzuxan Əlizadə təşkilatın qurultayının gecikməsinin səbəblərini açıqlayıb.

O, Teleqraf.com-a bildirib ki, son günlər cəbhədə vəziyyət gərginləşdiyinə görə, Mərkəzi Şuranın iclası təxirə salınıb:

“Rayon təşkilatlarının hamısı ilə əlaqə qurulub, bir neçə rayona səfərimiz baş tutub. Hələlik mövqe budur ki, vəziyyət aydınlaşanadək iclas təxirə salınsın”.

Onun sözlərinə görə, AMİP Nizamnaməsində dəyişikliklərlə bağlı müxtəlif təkliflər var: “Hazırda rayon təşkilatlarından həmin təkliflərin yığılması prosesi gedir. Nizamnaməyə dəyişiklik isə qurultayın səlahiyyətində olan məsələdir. Təkliflər yığılandan sonra Mərkəzi Şuranın iclası çağırılacaq və qurultayla bağlı qərar veriləcək”.

A.Əlizadə vurğulayıb ki, sırf prosedur qaydaları ilə əlaqəli təkliflər səslənir: “Dövr dəyişir, inkişaf edirik, müxtəlif məsələlərə fərqli baxışlar olur. Seçkili qurumların say tərkibi, ümumilikdə proseslərdə bu və ya digər səlahiyyətlərin bölgüsü ilə bağlı bəzi işçi xarakterli təkliflər var. Şübhəsiz ki, əgər ciddi təkliflər olacaqsa və dəyişikliklər nəzərdə tutulacaqsa, biz bunları mətbuata da çıxaracağıq.

Sonuncu dəfə AMİP-də 2005-ci il qurultayında dəyişiklik olub. Çox köklü dəyişik idi, faktiki olaraq partiyamız kollegial idarəçiliyə keçdi. Etibar bəy 2004-cü ilin dekabrında partiya sədrliyindən gedəndən sonra 2005-ci ildə keçirilən qurultayda AMİP-də kollegial idarəçiliyi ehtiva edən nizamnamə dəyişikliyi oldu. Sədrin səlahiyyətlərinin baş katib və Mərkəzi Şura sədri arasında bölgüsü aparıldı. Bu gün faktiki olaraq AMİP obrazlı desək, parlamentli respublika tipli təşkilatdır. Sədrin təmsilçilik hüququ var, baş katib icra qurumuna rəhbərlik etməklə yanaşı böyük səlahiyyətlərə malikdir.

Eləcə də qanunverici orqan olan Mərkəzi Şuranın sədrinin əlavə olaraq bir sıra səlahiyyətləri var. Nizamnamə dəyişikliyindən sonra katiblik institutu formalaşdı. Son dəyişiklik çox effektli oldu və hamı bu idarəetmə formasından razıdır. Ona görə hesab etmirəm ki, budəfəki qurultayda köklü dəyişiklik olsun. İdarəetmə sistemi ilə bağlı AMİP daxilində fikir ayrılığı yoxdur. Sadəcə olaraq bəzi sahələr üzrə təkliflər var ki, dövrün tələblərinə uyğun olaraq onun təkmilləşməsinə ehtiyac var. Təkliflər hazırlanıb qurtarandan sonra onu ictimailəşdirəcəyik”.

O, AMİP sədrliyinə namizəd qismində iddialılardan da danışıb: “AMİP sədrliyinə namizədlər qismində mənimlə yanaşı Elşən Mustafayev və Əli Orucovun adı hallanır. Ola bilər ki, digər namizədlər də olsun. Bu, istisna olunmur. Hər bir sıravi üzvün partiya sədrliyinə namizədliyini vermək hüququ var”.

“Üç adıçəkilən namizəddən hansı daha şanslıdır” sualına A.Əlizadənin cavabı belə olub: “Bu məsələyə konkret cavab verə bilmərəm. Əgər namizəd olaraq adım hallanırsa, bu məsələyə münasibət bildirməyim düzgün deyil. Şübhəsiz ki, sədr seçimi AMİP üzvlərinin qərarından asılıdır. Sədr seçimi yalnız səsverməyə bağlı məsələdir. Ona görə əvvəlcədən proqnoz vermək istəməzdim”.

Nərgiz


Müəllif: