Aprelin 20-də Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov etimadnamənin surətini bu ölkənin xarici işlər naziri Edqars Rinkeviçsə təqdim edib.
Teleqraf.com xəbər verir ki, rəsmi mərasimdən sonra Latviya XİN-in rəhbəri səfiri bu vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və diplomatik missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Latviya əlaqələrinin hazırkı vəziyyəti və bu əlaqələrin inkişaf perspektivləri, hər iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə, beynəlxalq təşkilatlar çərçivələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Latviya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu ilin payızında Bakıda keçiriləcək Azərbaycan-Latviya biznes forumuna hazırlıq işlərinin görülməsi qeyd olunub.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin mühümlüyünü qeyd ediblər. Latviya Seyminin spikeri İnara Murnietse və Riqa meri Nil Uşakovun Azərbaycana səfərlərinə hazırlıq məsələləri müzakirə edilib.
Azərbaycan səfiri Cavanşir Axundov aprelin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş hadisələr haqqında məlumat verib.
E.Rinkeviçs vurğulayıb ki, Latviyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi dəyişməz olaraq qalır. Latviya Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini dəstəkləyir.
Səfir Cavanşir Axundov Azərbaycanla Latviya arasında mədəni sahədə də əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, Latviyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin vacibliyini qeyd edib.
Latviya XİN-in rəhbəri E.Rinkeviçs Azərbaycan diasporunun fəallığını, onun ölkənin sosial-iqtisadi həyatında rolunu vurğulayıb.
Cavanşir Axundov qeyd edib ki, öz diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərini səfərbər edəcək.