21 Aprel 2016 13:25
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubad İbadoğlu: “Bunun mexanizmi olmalıdır”

Tofiq Yaqublu: “Detalları açıqlaya bilmərəm”

Müsavat başqanının müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra ADR Hərəkatı ilə partiya arasında yaranan problemi aradan qaldırmaq, gedənləri yenidən quruma qayıtmasını təmin etmək məqsədilə addımlar atacağını, barışdırıcı missiya həyata keçirəcəyini bəyan etmişdi.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tofiq Yaqublu ADR Hərəkatının sədri Qubad İbadoğlu ilə görüşərək müəyyən təkliflər irəli sürüb.

Bu təkliflərin mahiyyətində Müsavatın qurultayından sonra partiyadan gedənlərin yenidən təşkilata qayıtması, birlikdə partiya siyasətinin formalaşdırılması nəzərdə tutulur.

Təkliflərin olmasını Qubad İbadoğlu da təsdiqləyib.

Hərəkat sədri deyib ki, Tofiq Yaqublu müəyyən təkliflərə malikdir: “Bizə təkliflər verilib, müzakirə etmişik. Ancaq bu gün əsas məsələ Müsavatın daxilindəki demokratiya məsələsidir. Bu, yalnız Tofiq Yaqublunun təşəbbüsü ola bilməz. Hesab edirəm ki, bu təşəbbüsü dəyərləndirmək üçün təşkilatın özünün daxilində müəyyən müzakirələr, demokratik qərarların qəbulu proseduru olmalıdır.

İndiki halda Tofiq Yaqublunun barışdırıcı missiyası məqbuldur, ancaq bunun proseduru, mexanizmi olmalıdır. Əslində, Müsavatın qurultayından sonra əsas tələblərimizdən biri o idi ki, partiya yenidən qurultay keçirsin, yenidən azad və ədalətli seçki vasitəsi ilə özünə rəhbər seçsin. O zaman biz növbədənkənar qurultayın çağırılması ilə bağlı fəaliyyətə başlayanda, məni və tərəfdarlarımı partiyadan çıxardılar. Çünki onlar öz zəifliklərini bilirdilər. Bilirdilər ki, yenidən növbədənkənar qurultaya getsələr, bu qurultayda dəstək qazanmayacaqlar. Bundan sonrakı dövrdə birgə fəaliyyətin yeganə mexanizmi ondan ibarətdir ki, növbədənkənar qurultay olmalıdır.

Əgər buna iradələri çatırsa, növbədənkənar qurultay keçirsinlər.
Bu zaman nəyisə müzakirə edə bilərik. Hələ ki, bu məsələ gündəmdə deyil. Əslində, Müsavat bizim üçün geridə qalan bir məsələdir. Biz geriyə baxmaqla gələcəyi görə bilmirik. Ona görə də, geriyə baxmaq niyyətində də deyilik”.

Tofiq Yaqublu Teleqraf.com-a açıqlamasında deyib ki, Qubad İbadoğlu ilə görüşüb müzakirələr aparıb: “Detalları açıqlaya bilməyəcəyəm. Amma Qubad İbadoğlu ilə görüşümdən razı qalmışam. Yəqin ki, bu istiqamətdə söhbətlərimiz davam edəcək. Ümidliyəm ki, fəaliyyətim müsbət sonluqla nəticələnəcək”.
O, Q.İbadoğlunun görüşlə bağlı fikirlərinə də münasibət bildirib: “Qubad İbadoğlunun açıqlaması ilə tanış deyiləm. Təbii ki, istənilən təşkilatın daxilində demokratik ab-hava olmalı, qərarlar demokratik normalara əməl etməklə qəbul edilməlidir.

Bu, ümumi prinsipdir və Qubad İbadoğlu da belə məqamları qeyd edib. Buna görə, ona təşəkkür edirəm. Sadəcə deyim ki, bu müstəvidə atılan addımlar məni qane edir. Həbsdən çıxdıqdan sonra görülən işlərə baxaraq hesab edirəm ki, uğur əldə etmək olar. Mən Qubad İbadoğlu ilə bir xeyli əvvəl görüşmüşəm. Bundan sonra da görüşlərimiz olacaq. Sadəcə indi mənim bir qədər vaxt məhdudiyyətim var. Adətən, tədbirlərə gedirəm, bəzi dostlarla görüşüm olur, eləcə də ailə işləri ilə məşğul oluram. Vaxt əldə etdikcə görüşlərimiz də olacaq”.

Sonda Tofiq Yaqublu bildirib ki, detalları açıqlamaq niyyətində deyil: “Əslində, detal da yoxdur. Sadəcə xoş niyyətimi ortaya qoymuşam. Vaxtında anlaşılmazlıq olub. Bu insanların hamısı əqidəli, savadlı, özünə inanan, mübariz insanlardır. Hesab edirəm ki, əsas budur və onların bir yerdə olması daha effektiv olar. Məncə, bu işlər müsbət sonluqla başa çata bilər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər