“Vətənə xidmət etmək 18 yaşına çatmış hər bir vətəndaşın borcudur. Ona görə də magistratura və doktorantura pilləsində əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməməsini düzgün hesab edirəm”.
Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bakalavr pilləsində təhsilini davam etdirməyə bu möhlət hüququ verilir və hər bir bakalavr dərəcəli gənc əsgərlik xidmətini başa vurandan sonra təhsilini davam etdirə bilər: “Təhsildə fasiləsizliyin təmin edilməsi prizmasından bu məsələyə yanaşsaq, qeyd etmək istəyirəm ki, bakalavr dərəcəli gəncin hərbi xidmət müddəti bir ildir və bu bir ili böyük fasilə hesab etmirəm. Həm də bir il həqiqi hərbi xidmətdə olduğu müddətdə magistratura ixtisasının seçilməsi üçün kifayət qədər zaman yaranmış olur və hərbi xidmətdən sonra daha doğru seçim etmək olar”.
Millət vəkili Sona Əliyeva da öz növbəsində bildirib ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsinin “Elm haqqında” qanun layihəsindən çıxarılmasını məqbul sayır.
Millət vəkilinin dediyinə görə, təhsil almaq heç vaxt gec deyil: “Təhsilini davam etdirmək arzusunda olanlara düşünürəm ki, hərbi xidmətə getmək bəhanə deyil. Ölkəmizin müharibə şəraitində yaşadığı müddətdə, xüsusən də, erməni separatçılarının son zamanlar törətdiyi təxribatlarının vüsət aldığı dövrdə hər bir gənc, hər bir vətəndaş haqq-ədalət uğrunda mübarizə, işğal olunmuş torpaqları azad etmək arzusundadır”.
Nemət