Elman Məmmədov: “Onlar bu görüşdə iştiraka məcbur olublar”
“Ermənistanda siyasi hakimiyyəti zəbt etmiş hərbi xuntanın nümayəndələri – hərbi canilər Köçəryan və Sərkisyan bu vaxtadək özlərini görüşlərdə qalib kimi aparırdılar və nələrisə diqtə edirdilər. Ancaq bu gün vəziyyət tamama başqa cürdür. Bu gün onlar bu görüşdə iştirak etməyə məcbur olublar və bu görüş bir növ onların xahişi ilə baş tutub”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, 20 ildən artıq müddət ərzində status-kvonun qorunub saxlanmasında, torpaqlarımızın işğal altında qalmasında ermənilərin nə qədər xidməti varsa, ATƏT-in Minsk qrupunun, həmsədr ölkələrin də o qədər, hətta bir qədər də çox xidməti var: “Bəli, aprelin əvvəlində təmas xəttində baş verənlərlə bağlı Azərbaycan Ermənistana və onun havadarlarına başa sala bildi ki, artıq vəziyyət əvvəlki kimi deyil, artıq 90-cı illərin əvvəlləri deyil.
Siz istəsəniz də, istəməsəniz də biz indi torpaqlarımızı işğaldan azad etməyə qadirik və bunu edəcəyik. Bunu həmsədr ölkələr də yaxşı bilirlər. İndi mən bilmirəm, danışıqlar masasında nə var, hələ ki məlum deyil və bu görüş nə ilə nəticələnəcək. Ancaq onu deyə bilərəm ki, danışıqlarda uğur qazanmağın şərtlərindən biri də düşmənə gücünü göstərməkdən ibarətdir. Danışıqlar təkcə diplomatik qaydada yox, hərbi-diplomatik qaydada getməlidir. Biz artıq Ermənistanı sülhə məcburetmə variantını tətbiq etməyə başlamışıq və bunu davam etdirəcəyik.
Mənim şəxsi fikrim bundan ibarətdir ki, danışıqların nəticəsindən asılı olaraq işğalçı ölkənin ordusunun ərazilərimizdən tam çıxması üçün aprelin əvvəlində olan hərəkətləri bir az daha geniş miqyasda hələ bir neçə dəfə tətbiq etməli olacağıq. Yəni, hər şillədən sonra bunlar bir az da ağıllanacaq. Axırda bunlar məğlub mövqeyində yalvaracaqlar ki, etməyin, dayanın, kifayətdir, mən başa düşdüm. Hələ ki, başa düşməyiblər. Mən hesab edirəm ki, hələ ki, yarımçıq başa düşüblər”.
Müsahibimiz bildirib ki, Azərbaycanın hərbi-taktiki, hərbi-diplomatik hərəkətləri bütövlükdə Ermənistan cəmiyyətində ictimai rəyin fikrini dəyişməyə başlayıb və bu fikir dəyişməyi getdikcə daha da dərinləşir: “Dünyanın müxtəlif yerlərində yaşayan tanınmış ermənilərin, siyasətçilərin, elm adamlarının fikirləri artıq əvvəlki fikirlər deyil. Onlar indiki Ermənistan hakimiyyətinə səslənirlər ki, bu torpaqlar Azərbaycanınkıdır, niyə bu torpaqları zəbt etmisiniz və qaytarmırsınız? Siyasi cinayətkar rejimin ən çox qorxduğu odur ki, Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında bu fikir güclənir. Onlar başa düşürlər ki, bu torpaqları Azərbaycana qaytarmaqdan başqa çıxış yolları yoxdur. Bizim cəbhə xəttində uğurlarımız artdıqca bu fikir ermənilər arasında daha geniş vüsət alacaq”.
Vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif vəzifələrdə çalışmış E.Məmmədov bu gün o komandada olan insanların bir çoxunu şəxsən tanıdığını vurğulayıb: “Mən Sərkisyanı da şəxsən tanıyıram. O dövrdə biz bir yerdə yaşayıb, işləmişik, bir-birimizi tanıyırıq. Ohanyanı (Ermənistanın müdafiə naziri Seyran Ohanyan-S.HƏMİD) hələ kapitan olduğu dövrdən tanıyıram. Biz döyüş bölgəsində üz-üzə gəlmişik. Başqalarını da tanıyıram. Danışıqlarda irəliləyişin olması, problemin sülh yolu ilə ədalətli həllini tapması Köçəryanların, Sərkisyanların, Ohanyanların siyasi hakimiyyətlərinin, ümumiyyətlə karyeralarının, özlərinin şəxsi həyatlarının da sonu deməkdir.
Çünki bunlar o dərəcədə qanlı cinayətlər törədiblər ki, onlar hakimiyyətdə qalmaq üçün bütün variantlara əl atacaqlar. Ona görə də mən bunların ağıllı, konstruktiv addım atacaqlarına inanmıram, bunu ağlıma gətirə bilmirəm. Yeganə yol ondan ibarətdir ki, erməni xalqı bundan nəticə çıxarmalıdır. Erməni xalqı onları bu vəziyyətə salan bu caniləri süpürüb, kürüyüb atmalı, bunlardan canını qurtarmalıdır. Orada hakimiyyətə normal insanlar gəlməlidir və bundan sonra ola bilər ki, danışıqlar müəyyən müsbət nəticələr verə bilər. Hələ ki, danışıqların müsbət nəticə verməsi üçün mən gücü istisna etmirəm. Demirəm ki, biz danışıqlar prosesini dayandırmalıyıq, yox. Amma hərbi-diplomatik yoldan istifadə edərək, vaxtaşırı gücümüzü göstərə-göstərə onları güclə başa salaraq danışıqlara egtməliyik. O zaman danışıqlar prosesi uğur qazanacaq”.
E.Məmmədov Vyana görüşündə ABŞ, Rusiya və Fransa xarici işlər nazirlərinin iştirak etməsinə də toxunub: “Düzdür, güclü şəxsiyyətlərin mövqeləri də vacibdir. Amma burda vacib olan xarici işlər nazirlərin təmsil etdikləri dövlətlərin apardığı siyasətdir. Onların təmsil etdikləri dövlətlərin tutduğu mövqe əsas, həlledici rol oynayır. Bu mövqeni də biz 25-26 ildən artıqdır görürük. Onlar ciddi-cəhdlə çalışırlar ki, Ermənistana Azərbaycandan yenə də müəyyən qədər torpaq alıb versinlər, Ermənistanı bir qədər də genişləndirsinlər. Qondarma “DQR”-filan, bunlar aralıq mərhələ, baş aldatmaq, gözdən pərdə asmaq üçün həyata keçirilən işlərdir. Burda əsas məqsəd 1920-ci ildən başlayan Azərbaycandan ərazilər qoparmaq prosesini davam etdirməkdir.
Aralıq mərhələdə görülən işlər əsas məqsədə çatmaq üçün istifadə olunur. Biz Lavrovun da kimliyini, nəçiliyini bilirik, Rusiyanın da mövqeyini bilirk. Gizli deyil ki, bu tör-töküntü milləti dünyanın müxtəlif yerlərindən 200-250 il ərzində köçürüb tarixi Azərbaycan torpaqlarında yerləşdirən imperiya var. Bu imperiyanın adı məlumdur. Onlara dövlət yaradan imperiya var. Bu imperiyanın adı məlumdur. Onları qoruyan imperiya var, adı məlumdur. Yəni, burda gizli bir şey yoxdur, bu tarixdir, salnamədir. Bu gün həmin imperiya başqa bir ad altında onları müdafiə edir, qoruyub-saxlayır. Yəni, burda Azərbaycanın uğur qazanması üçün ölkəmizin gücü, güclənməsi lazımdır. Bizim başqa bir yolumuz yoxdur”.
Səxavət HƏMİD