Fuad Abbasov isə rus televiziyalarında Türkiyə mövzusunda çıxış etməmək yolunu tutub
Ankarada yaşayan azərbaycanlı politoloq, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq münasibətlər bölümünün professoru Toğrul İsmayıl Rusiyanın NTV telekanalının “Bolşinstvo” ictimai-siyasi tolk-şousunda iştiraka dəvət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə T.İsmayıl özünün Feysbuk profilində məlumat yerləşdirib. Politoloq qeyd edib ki, diskussiyanın mövzusu ”Rusiya-Türkiyə: sülh mümkündürmü” adlanır. Canlı yayımlanacaq proqram iyunun 3-ü, Türkiyə saatı ilə 23:10-da başlayacaq. Bununla belə, T.İsmayıl gedib-getməməkdə qərarsız olduğunu bildirib. Onun bu postu Feysbukda geniş müzakirə olunub. Müzakirələrə qatılanların böyük əksəriyyəti T.İsmayıla tolk-şouya qatılmağı məsləhət görüblər. Dünən günün sonunda yazdığı daha bir postda T.İsmayıl proqrama qatılmaq üçün gecə saatlarında Moskvaya yola düşəcəyini bildirib: “Bu gecə Moskvaya gedirəm. Bu qərarı sizlərlə birlikdə vermiş oldum. Hər kəsə öncədən təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, bu proqramdakı çıxışlarımız ölkələrimiz arasındakı böhranın aradan qaldırılmasına az da olsa, yardım edə biləcək”.
Qeyd edək ki, T.İsmayıl ötən ilin noyabrın 24-də Türkiyə səması üzərində Rusiyanın “Su-24” qırıcı təyyarəsinin vurulmasından sonra Sergey Minayevin aprıcısı olduğu sözügedən proqramda çıxış etmiş və proqram geniş rezonans doğurmuşdu.
Moskvada yaşayan azərbaycanlı jurnalist, “İhlas” Xəbər Agentliyinin Moskva bürosunun keçmiş rəhbəri Fuad Abbasov isə Rusiya telekanallarında Türkiyə ilə bağlı diskussiyalara qatılmaqdan birmənalı olaraq imtina edib. Belə ki, mayın 24-də NTV-də yayıma gedən “Görüş yeri” tolk-şousunun “Krım bizimdir” mövzusunda müzakirələrinə dəvət alan F.Abbasov verilişə qatılmayıb: “Mən proqramda Krım məsələsinə dair Türkiyənin mövqeyini müdafiə etməli idim. Amma imtina etdim. Bildirdim ki, türk televiziyasından uzaqlaşdırılandan sonra məni Türkiyə ilə heç nə bağlamır və buna görə də mənim Türkiyənin adından Krım məsələsi ilə bağlı çıxış etməyim düzgün olmaz”.
İyunun 1-də isə həmvətənimiz “TVC” telekanalında Roman Babayanın aparıcısı olduğu “Səs haqqı” proqramına “Türkiyə ilə əlaqələrin normallaşması” mövzusunda müzakirələrə dəvət alıb. Telekanalın israrlarına baxmayaraq F.Abbasov bundan da imtina edib.
Səxavət HƏMİD