Cümə gününün yekunlarına görə Fernando Alonso 11-ci vaxt nəticəsi göstərib. Pozitiv əhval-ruhiyyəli pilot hesab edir ki, şənbə günü “McLaren” komandası kvalifikasiya finalına çıxmaq uğrunda mübarizə aparmalıdır.
-Bakı trası barədə təəssüratlarınız necədir?
-Təəssüratlarım çox müsbətdir. Biz bilirdik ki, bu, çox sürətli trasdır, burada xeyli mürəkkəb döngələr var. Hələlik belə hesab edirəm ki, bəzi döngələrdə biz sürəti artıra bilərik. Buna görə hər şeyi – trayektoriyaları, daxili bordürləri hərtərəfli yoxlamaq lazımdır. Belə bordürlər döngələri daha da daraldır. İki il bundan əvvəl Sinqapurda da vəziyyət belə idi. Sonradan həmin trası bir qədər dəyişdirməli oldular.
-Simulyatorla müqayisədə bu gün hər hansı sürprizlər oldumu?
-Mən simulyatorla işləməmişəm, ona görə bu barədə heç bir ilkin təsəvvürüm yox idi. Lakin bütövlükdə tras bizim gözlədiyimizə uyğundur. Hələlik nəticələr hətta bizim ümid bəslədiyimizdən bir qədər yuxarıdır. Bu gün hər şey yaxşı oldu və bu, xoş xəbərdir.
-Bu uik-end günlərində hansı nəticələri gözləmək olar? Censon Batton deyir ki, düzxətli uzun məsafədə “McLaren” liderlərdən xeyli geri qalır, trasın digər sahələrində bunun əvəzini çıxmaq realdırmı?
-Baxarıq. Qeyd etdiyim kimi, bizim rəqabət qabiliyyətimiz gözləniləndən bir qədər yüksəkdir. Buna görə mən əvvəlki kimi yenə düşünürəm ki, kvalifikasiya finalına düşmək tamamilə mümkündür və əgər yekunda xal qazana bilsək, bu, əla olacaq. Mənim fikrimcə, biz son həftələrdə tutduğumuz mövqelərdə qalmışıq. Buna görə çalışmaq lazımdır ki, hər iki maşın kvalifikasiya finalına keçsin və yürüşdə finişə çatanların ilk onluğunda olsun.
-Kanada yürüşündə sizin müəyyən çətinlikləriniz olmuşdu...
-Düşünürəm ki, biz burada Monrealdakından bir qədər yaxşı çıxış etməliyik, bizim tempimiz daha yüksək olmalıdır. Amma nəticə çıxarmaq hələ tezdir, çünki sabah bəzi ideyaları yoxlamaqda davam edəcəyik. Bu gün bizim maşınlar müxtəlif şəkildə sazlanmışdı. Ona görə indi hər iki variantın ən yaxşı cəhətlərini seçmək, onları uzlaşdırmaq və optimal yanaşma tapmaq lazımdır. Bu, kvalifikasiyada sürət potensialından tam istifadə etməyə imkan verməlidir.
- Sessiyanın sonunda sizin maşınınıza nə olmuşdu? Siz kokpitdə nə isə qəribə hərəkətlər edirdiniz...
-Maşının mühərriki sönmüşdü və mən sükan üzərindəki çevirgəclərlə əməliyyat apararaq neytral sürətə keçə bilmirdim, çünki hidravlika ilə bağlı problem yaranmışdı. Buna görə pit-leynə çatmağın yeganə üsulu marşallar üçün nəzərdə tutulan “neytral” düyməsini sıxmaq idi. Xoşbəxtlikdən, mən bunu edə bildim. Bir sözlə, hər şey normal oldu.