Bundesliqada yarışan “RB Leytsiq”in hücumçusu Timo Verner martın 26-da Azərbaycan milli komandası ilə keçiriləcək dünya çempionatının seçmə oyununa dəvət ala bilər.
Qol.az-ın xəbərinə görə, Almaniya millisinin baş məşqçisi Yoahim Löv bugünlərdə yerli mediaya açıqlamasında 20 yaşlı hücumçunun ölkə çempionatında uğurlu oyunundan razılığını bildirib: “Onun dünya səviyyəli hücumçu olması üçün yüksək potensialı var”.
Bu mövsüm bundesliqada 21 oyuna 13 qol vuran Timo Verner alman futbolunun parlayan ulduzu hesab olunur. O, hazırda bombardirlər siyahısında 4-cü yeri tutur.
Gənc hücumçu bildirib ki, özü barəsində Lövün dediklərindən yalnız sevinə bilər: “Hər bir futbolçu əsas milliyə çağırılmaq istəyir. O cümlədən, mən də dəvət alacağıma ümid edirəm. Bunun üçün üzərimdə möhkəm çalışmalıyam”.
Almaniya mətbuatı yazıb ki, U-21 millisinin üzvü olan Timo Vernerin Almaniyanın əsas millisinin martın 26-da Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyuna dəvət olunacağı istisna deyil.