"Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları görüşü şərh edib.
51 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Maraqlı oyun oldu. İlk hissədəki tempi qoruya bilmədik. İkinci hissənin əvvəlində buraxdığımız qol planlarınızı pozdu. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Alınmadı. Utanmağa dəyməz. "Qarabağ"ın gücü bəllidir. Bu gün bu komandanı udmağın mümkünlüyündən danışırıqsa, bunun özü böyük şeydir. Çalışacağıq çempionatı yaxşı pillədə başa vuraq. Rəqibi təbrik edirəm. Başa-baş olmasa da, yaxşı oynadıq. Etiraf edək ki, "Qarbağ" bizdən üstün idi.
- "Kəpəz"in hədəfi yenə avrokuboka vəsiqə qazanmaqdır?
- Qarşıda 4 oyunumuz var, sona qədər oynayacağıq. Hara qədər gedə biləcəyik, zaman göstərəcək. "Kəpəz" həmin 4 oyunda qələbə qazanmaq gücündədir.
/Report/