1 Aprel 2018 22:57
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir az çətin oyun olacağını gözləyirdim. Komandamıza görə narahat idim. Oyunçuların həm millidə, həm burada olmasından narahat idim. Maraqlı oyun alındı. Hakimin son fitinə kimi sürət var idi. Mübarizə, qırmızı vərəqə, sürətli oyun. Hər şey var idi. Heç kim uduzmaq istəmirdi. Düşünürəm ki, ədalətli nəticə oldu".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə”nin baş məşqçisi bildirdi ki, bu, bizə qələbəyə bərabər idi. Bu məntiqlə heç-heçəni sizin üçün məğlubiyyət kimi saysaq, nədə uduzdunuz?

- Bizim də öz baxışımız var. Yəqin məğlubiyyəti də göz önünə gətirib, bu sözləri deyib. Hər halda, səfərdə xal alıblar. Biz xallarımızın üstünə xal gətirdik. Oyunçulardan razı qaldım.

- Abbas Hüseynovun yox, Qara Qarayevin müdafiənin sağ cinahında oynaması məcburəyyətdən atılan addım idi?

- Abbas Hüseynov zədədən qayıdıb. Digər tərəfdən, fərqli oyun düşündük. Bir az dəyişik üsluba üstünlük verdik. Fikrimcə, alındı. Abbasın daha çox oynamaq gücü var idi.

- Bu oyunçuları əvvəl də milliyə göndərirdiniz. Sanki bu oyun göstərdi ki, yerlilərlə əcnəbilərin uyğunlaşmasında problem var idi…

- Razıyam. Amma rəqiblərin də səviyyəsi qalxıb. Bunu nəzərə alsaq, normaldır. Düzdür, ikinci hissə fərqli keçdi, daha çox topa sahib olduq. İlk dəqiqələrdə özüm də etirazımı bildirdim. Belə rəqiblərə qarşı təmkinli oynamaq lazımdır. Miçel hərdən danışmağa başlayır. İkinci hissə bir qədər fərqli oldu.

- Dediniz ki, hər şey var idi. Bir epizodda Əfran İsmayılov topa qəribə zərbə vurdu…

- Onun ilk fikri ötürmə vermək idi. Son anda gördü ki, Kamran qapını qoyub çıxıb. O anda zərbə vurmaq istədi, alınmadı.

- Mahir Mədətovun mərkəz hücumçusu kimi oyunundan nə dərəcədə razısınız?

- Onu hamı cinahda görüb. Xatırlayırsınızsa, bir il əvvəl hücumda oynayırdı, qollar da vururdu. "Keşlə”nin müdafiəçiləri yaxşı çıxış etdilər. Belə matçlarda ustalıq keyfiyyətləri yaxşı olmalıdır. 3 real qol vəziyyəti yarada bilməsi onu göstərir ki, irəliləyiş var. Onun hücumda oynaması mənim üçün lazımdır. Hətta öz gələcəyi üçün də.

- "Qarabağ”ın oyun sistemini milliyə aşılamağa çalışırsınız?

- Mənim düşüncəm var. Hər oyunda çalışmalıyıq ki, topa sahib olaq. Ola bilər ki, top 50 faiz komandada olsun, amma nəzarəti əldən verməməliyik. Rəqib daha güclü ola bilər. Amma topa sahib olanda onunla düzgün rəftar etməliyik. Qarşımıza topa 70 faiz sahib olmaq məqsədi qoymamışıq. Bu sistemi həmən millidə qura bilmərəm. Milli tam fərqli turnirlərdə iştirak edir. Ora fərqli klublardan oyunçular gəlir. Vacib olan düşüncələrimi onlara çatdırmaqdır. Topa sahib olmaq daim tələb olunur. Millidə fərqli üslubda işləyirik. Fiziki göstəricilərimiz də yaxşı olmalıdır ki, rəqiblərlə düzgün mübarizə aparaq, daha bərk olar. Hətta 2 ötürmə ilə də hücuma keçməyi bacarmalıyıq.

\Qol.az\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər